"Avropa İttifaqı genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın Azərbaycana səfəri Brüsseldə noyabrda keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti öncəsi vacib səfərdir". APA-nın məlumatına görə, bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O bildirib ki, belə səfərlər tərəfdaş ölkələrə mütəmadi əsasda həyata keçirilir.
Qeyd edək ki, Y. Han Azərbaycana iyunun 16-da gələcək.
"Ümid edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanması planlaşdırılan yeni saziş əməkdaşlığımızı daha da genişləndirəcək". Bunu da M.Mard deyib.
O bildirib ki, hazırda tərəflər Əməkdaşlıq və Tərəfdaşlıq sazişi əsasında əməkdaşlıq edir: "Lakin bu saziş imzalanandan sonra çox hadisə baş verib. Biz bir araya gəlib yeni hüquqi çərçivənin yaranması istiqamətində iş aparmalıyıq. Bu saziş yeni imkanlardan maksimum yararlanmağa imkan verəcək. İqtisadi əməkdaşlıq da sazişdə əksini tapacaq. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanda xarici investisiyanın 50 faizi Aİ ölkələrinin payına düşür. Aİ Azərbaycanla qeyri-neft sektoru sahədə tərəfdaş olmaq istəyir. Biz Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm islahatların aparıldığını görürük".