ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin iyunun 20-də Sankt-Peterburqda keçiriləcək görüşündə iştirak edəcək. Bu barədə APA-ya C. Uorlik bildirib.
Amerikalı həmsədr qeyd edib ki, prezidentlərin 16 may tarixli Vyana görüşünün nəticələrini davam etdirəcəklərinə ümid edirlər.
"Mən bu görüşdə iştirakı səbirsizliklə gözləyirəm. Biz ümid xüsusilə edirik ki, tərəflər ATƏT-in araşdırma mexanizminin həyata keçirilməsi üzrə razılaşmanı yekunlaşdıracaq, hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa edəcəklər", - deyə o bildirib.
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryu da Sankt Peterburqda keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşündə iştirak edəcək. Bu barədə ATƏT-in fransalı həmsədri Pyer Andryu bildirib.
"Rusiyalı və amerikalı həmsədrlər kimi, mən də bu görüşdə iştirak edəcəm. Bizim bu görüşdən gözləntilərimiz, əlbəttə, böyükdür. Ümid edirik ki, bu sammitdə Azərbaycan və Ermənistan prezidentləri qarşılıqlı etimadı bərpa edəcək və münaqişənin həllində irəliləyişə nail olacaqlar”, - deyə fransalı həmsədr qeyd edib.
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan iyunun 20-də Sankt-Peterburqda görüşəcəklər. V. Putin Azərbaycan və Ermənistan prezidentləri ilə əvvəlcə ayrılıqda görüşəcək, daha sonra danışıqlar üçtərəfli formatda davam etdiriləcək.