"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə getməsi mahiyyət etibarilə turist səfərindən başqa bir şey deyil".
Bunu baki-xeber.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
XİN rəsmisi əlavə edib ki, Brüsseldə olduğu dövrdə B.Saakyan adlı şəxs Belçika parlamentinin Ermənistan üzrə dostluq qrupunun rəhbəri El van Hoof, yerli Flamand qanunverici orqanının üzvü və köhnə dostu Karl Vanlouve ilə fərdi əsasda görüşüb: "Radikal təfriqəçi və islamofob baxışlara malik olan Karl Vanlouve dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və buna görə də arzuolunmaz şəxslər siyahısına daxil edilib. Azərbaycanın Belçika Krallığındakı səfirliyinin etirazına cavab olaraq, Belçika parlamenti və Flamand qanunverici orqanından bu görüşlərin heç bir halda rəsmi xarakter daşımadığı və yalnız şəxsi əsasda baş tutduğu bildirilib".