Artıq xəbər verildiyi kimi, iyunun 20-də Sankt-Peterburqda Azərbaycan-Ermənistan-Rusiya prezidentlərinin üçtərəfli görüşü gözlənir.
ATƏT-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəis əvəzi Nataşa Racakeviç jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya tərəfinin təşəbbüsü ilə keçirildiyindən, ATƏT həmin görüşdə iştirak etməyəcək. Bu isə Ermənistan tərəfinin ciddi narahatlığına səbəb olub. Belə ki, qarşı tərəf, Vyana görüşündə əldə olunan razılaşmaya görə ATƏT-in səlahiyyətləri genişləndirilməli olduğu halda, onun növbəti görüşdən kənarda qalması xəbərini əndişə ilə qarşılayıb. Erməni mətbuatı bu fikrə dayanaraq xatırladır ki, hələ Vyana görüşü zamanı ATƏT-in mandat məsələsi qaldırılarkən Azərbaycan tərəfi buna sərt etiraz edib və qurumun səlahiyyətlərinin artırılmasının yalnız Ermənistan qoşunlarının ölkə ərazisini tərk etməsindən sonra mümkün olacağını bildirib. Üstəlik ona da diqqət çəkilir ki, Prezident İlham Əliyev Berlin səfərində bu məsələyə bir daha qayıdaraq status-kvo-nun mümkünsüzlüyünü qeyd edib. Bunun ardınca isə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov mətbuata müsahibə verərək danışıqlarda qondarma "respublika”nın iştirakını birmənalı istisna edib. İndi erməni mətbuatı baş verənlərdən belə nəticə çıxarıb ki, danışıqlarda heç nə dəyişməyəcək. Bunun əsas göstəricisi kimi isə ATƏT-in Sankt-Peterburq görüşündən kənarda durması göstərilir.
Qarşı tərəf həm də ondan şübhələnir ki, Rusiya bu istiqamətdə təşəbbüsü ələ almaqla əslində MQ həmsədrliyinin ləğvinə çalışır və bunun da Azərbaycanın ürəyincə olacağı xüsusi vurğulanır. Maraqlısı isə odur ki, Prezident Əliyevin qətiyyətli bəyanatlarının ardınca erməni mətbuatı öz ölkəsinin rəsmilərinin mövqeyindən iqtibas gətirməklə paralellər aparır və belə nəticəyə gəlir ki, erməni tərəfi artıq Azərbaycanın şərtlərinə boyun əyir. Bu fonda isə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun "təslimçi” mövqeyinə diqqət çəkilir.
Bu arada erməni mətbuatını qıcıqlandıran daha bir məsələ isə Rusiya Müdafiə naziri Sergey Şoyqunun bu gün azərbaycanlı həmkarı Zakir Həsənovu qəbul edərək, Azərbaycanla strateji əməkdaşlığın "istənilən halda” davam etdiriləcəyini bəyan etməsi olub. Erməni mətbuatı ona da xüsusi diqqət ayırır ki, Azərbaycanın Müdafiə naziri Moskva səfəri öncəsi toplantı keçirərək Ordunun döyüş qabiliyyətini yoxlayıb.
Bütün baş verənlər isə qarşı tərəfin getdikcə daha çox pessimizmə yuvarlandığından xəbər verir. Bəlkə də haqlı olaraq...
Baki-xeber.com