Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Cerablus yaşayış məntəqəsində İŞİD terror təşkilatına qarşı apardığı “Firat qalxanı" əməliyyatı davam edir. APA-nın “Hürriyet"ə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 10.30 radələrində Türkiyənin Qaziantep vilayətinin Suriya ilə həmsərhəd Karakamış qəsəbəsindən 10 tank qonşu ölkəyə daxil olub.
Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Suriyadakı hərbçilərinin sayını 15 min nəfərədək artıra bilər. İŞİD silahlılarından qorunmaq üçün Suriyada bufer zonasının yaradılması istisna edilmir. Hazırda Suriyada 450 türk hərbçisi var.
Bu arada, bu gün səhər saatlarında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, general Zəkai Aksakallı Suriyanın Cerablus şəhərinə gedib. Z. Aksakallı Türkiyə ordusunun həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD terrorçularından azad edilən şəhərdə müxalif Azad Suriya Ordusunun komandirləri ilə görüşüb.
Türkiyə Prezidenti Administrasiyasından Trend-ə deyiblər ki, Türkiyə HHQ və SQ-nin Suriyada "Fərat qalxanı" adlı əməliyyatı ölkənin dövlətçiliyinə və ya ərazi bütövlüyünə qarşı yönəlməyib. Administrasiyadan qeyd ediblər ki, əməliyyatın məqsədi Suriya-Türkiyə sərhədini İŞİD kimi terror təşkilatlarından təmizləməkdir: "Türkiyə təhlükəsizliyi üçün addımlar atır. Terror təşkilatları tərəfindən istənilən təhdidi aradan qaldırmaq lazımdır".
Türkiyə Suriyanın Cerablus bölgəsini İŞİD terror təşkilatından təmizləməklə əlaqədar keçirəcəyi hərbi əməliyyat barədə öncədən ABŞ və Rusiyaya məlumat verib, daha sonra İran da bu barədə məlumatlandırılıb. Bunu NTV telekanalına müsahibəsində Türkiyənin müdafiə naziri Fikri İşık bildirib (APA).
Suriya rejimini yox saya bilməyəcəklərini, ancaq Suriyanın gələcəyində Bəşər Əsədi görmədiklərini söyləyən F. İşık əməliyyatla bağlı Suriya rejimi ilə birbaşa əlaqə yaradılmadığını deyib. O, Cerablus bölgəsində əməliyyatların müxalif Azad Suriya Ordusu tərəfindən aparıldığını, Türkiyə ordusunun isə onlara dəstək verdiyini vurğulayıb: "İndiyə qədər əməliyyatların gedişində Azad Suriya Ordusunun iki döyüşçüsü həlak olub, iki döyüşçü yaralanıb. Türkiyə ordusunda şəhid və yaralı yoxdur".
F. İşık İŞİD-dən azad edilmiş Cerablusda hazırda "təmizləmə" işlərinin aparıldığını, İŞİD terrorçularının şəhərdə gizləndikləri yerlərin axtarıldığını nəzərə çatdırıb: "Azad Suriya Ordusu nəzarəti tam təmin edənə qədər Türkiyə ordusunun orada qalmaq haqqı var. Təəssüf ki, hazırda Suriyada bir dövlət yoxdur. Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir”.
F. İşık PKK-nın Suriya tqolu olan PYD-nin silahlı qanadı YPG-nin bir həftə ərzində Münbicdən çıxması və Fərat çayının şərqinə çəkilməsi prosesinin başa çatmasını gözlədklərini də nəzərə çatdırıb: “Bir həftə əvvəl ABŞ-la müzakirələr zamanı PYD-nin iki həftə ərzində Fərat çayının şərqinə çəkilməsi barədə razılığa gəlmişdik. Qarşıdakı bir həftə ərzində bu prosesin başa çatmasını gözləyirik. Prosesi izləyirik”.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bölmələri avqustun 24-də saat 04.00 radələrində müxalif Azad Suriya Ordusu ilə birlikdə Cerablusun azad edilməsi əməliyyatına başlayıb. Gün ərzində Cerablus ətrafındakı 4 kənd, axşam saatlarında isə Cerablus şəhəri İŞİD terrorçularından azad edilib.