Ölkəmizdə kənd təsərrüfatı, o cümlədən, heyvandarlıq sahəsi sürətlə inkişaf edir, təsərrüfatlarda saxlanılan mal-qaranın sayı da durmadan artır. Lakin bunun fonunda respublikada otlaq ərazilərinin kəskin azalması problemi özünü göstərməkdədir.
Kənd yerlərimizdəki heyvan saxlanılan əksər təsərrüfatlarda, eləcə də həyətyanı sahələrdə kiçicik müşahidə aparmaq yetər ki, bu problem hiss olunsun. Ekspertlər bildirir ki, örüş sahələrinin azalması kənd təsərrüfatı sahəsində bir sıra problemlərə səbəb olacaq. Xüsusilə də, ətlik heyvanların sayı azalacaq. Təbii ki, bu da ətin qiymətinə təsir edəcək.
“Pambıq sahələrinin yeri heyvandarlıq, üzümçülük və digər bostan tərəvəz bitkilərinə verilsə, biz ərzaq idxalını əhəmiyyətli dərəcədə azalda bilərik”
Mövzu ilə bağlı fikir bildirən aqrar sahə üzrə ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu olduqca ağrılı bir problemdir: “Bu məsələnin birinci dalğası təxminən 2000-ci illərdə başladı, o illərdə bələdiyyə yaradıldı. Bələdiyyələr yarananda əhalinin örüş kimi istifadə etdiyi ərazilər onların balansına verildi. İlk olaraq örüş yerlərinin təyinatı olduğu kimi göstərildi ki, bu örüş əraziləridir. Ancaq sonradan bələdiyyələr həmin torpaqların üzərindən istifadə etməyə başladılar. Beləliklə, həmin torpaqlar biznes strukturlarına, sahibkarlara uzunmüddətli icarəyə verildi. Bununla da bölgələrdə olan örüş ərazilərinin bir hissəsi sıradan çıxdı. Ancaq dövlət fonduna aid olan torpaqlarda əhali heyvandarlıqla məşğul olurdu. Məlumdur ki, Laçın və Kəlbəcər əhalisi heyvandarlıqla məşğul olub. Torpaqlarımız işğal altında olarkən həmin bölgənin sakinləri də dövlət fondunun torpaqlarında heydarlıqla məşğul olurdu. Və bu məşğuliyyət ölkənin kənd təsərrüfatına yaxşı töhfə verirdi. O zamanlar ətin qiyməti ucuz idi, ət bol idi. Bunun da səbəbi örüş sahələrinin olması və heyvandarlığın inkişafı idi. Lakin 2015-ci ildən sonra Azərbaycan hökuməti pambığı strateji məhsul elan etdi və dövlət fondunun torpaqlarında olan örüş sahələri ləğv edilərək, həmin ərazilərdə pambıq əkilməyə başlanıldı. O dövrdən başlayaraq ölkədə heyvandarlıq sektoru kiçilməyə başladı və indi bunun acı fəsadını yaşayırıq. Belə ki, ətin qiyməti sürətlə artır, həmçinin ət qıtlığı yaşanır və yaşanacaq”.
Həmsöhbətimiz hesab edir ki, məlum problemin həll olunması üçün kənd təsərrüfatında pambıqçılığın strateji sahə olmasına son verilməlidir. Nəzərə almaq lazımdır ki, pambıqçılıq Azərbaycan iqliminə, təbiətinə uyğun bir sahə deyil: “Onu da deyim ki, il ərzində pambıqdan ölkəmizə 150-200 milyon dollar valyuta daxil olur. Ancaq kənd təsərrüfatı mənşəli ərzaq məhsullarının idxalı üçün Azərbaycan hər il 2 milyard dollardan çox vəsait xərcləyir. Pambığın gətirdiyi gəlirdən 10 dəfə çox ərzaq idxalına vəsait xərclənir. Bu müqayisə onu göstərir ki, hazırki şəraitdə pambıqçılıq sərfəli deyil. Pambıq sahələrinin yeri heyvandarlıq, üzümçülük və digər bostan-tərəvəz bitkilərinə verilsə biz ərzaq idxalını əhəmiyyətli dərəcədə azalda bilərik”.
A.Nəsirli onu da əlavə etdi ki, bələdiyyələrin əlində olan örüş təyinatlı torpaqlar heyvandarlıqla məşğul olanlara verilsə, bu sahədə yaşanan problem həll olunar.
Günel CƏLİLOVA