Vətən, torpaq aşiqi Elgün...

İndi Elgün Aqil oğlu Mikayıllının adı çəkiləndə bütün masallılıların qəlbini qürur hissi alır. 19 yaşında Elgünü həm Uca Tanrı, həm də insanlar arasında belə mötəbər edənsə mənəvi saflığı, bir də iç dünyasından qaynaqlanan vətəninə, torpağına halal sevgisidir. O, sentyabrin 27-də başlanan Azərbaycanın haqq savaşında bahar qoxulu ömrünü-gününü verdi ki, qarı düşmən vətənin şərəfinə toxunmasın, 30 il əsarətdə qalan doğma torpaqlar azad olunsun...
Yaradanın bu dünyaya igidlik rəmzi, qeyrət mücəssəməsi olan Elgün Masallı rayonunun Xıl kəndində boya-başa çatır. İnsanlara gərək olmaq, elinə fayda vermək onun əsas amalı olur. Müstəqil həyata qədəm qoyan gündən ülvi məqsədlərə can atması, nəcib, xeyirxah işləri el-obada, əhatə olduğu cəmiyyətdə Elgünə hörmət gətirir. 2019-ci ildə ordu sıralarına yola düşəndə ürəyindən keçirdiyi birinci istək əlinə silah alıb döyüş meydanında erməni dığalarını əzmək olur. Məqsədə çatmaq üçün xidmət etdiyi hissədə bütün təlimlərdə fəallıq göstərir, bacarıqlı və səriştəli bir hərbçi kimi əsgərlərin, zabitlərin arasında tanınır.
Nəhayət, Elgünün arzuladığı gün gəlir. 2020-ci ilin sentyabr ayının 27-də Qarabağın azadlığı naminə Vətən müharibəsi başlanır. Elgün xüsusi tapşırıq gözləmədən, qəlbində dığalara nifrət Füzuli uğrunda gedən ölüm-dirim savaşına atılır. Saysız-hesabsız qeyrətli oğullar sırasında düşmənə istədiyi sarsıdıcı zərbələri vurur. 13 gün müharibə meydanında dığalara qan uddurur. Aşiqi olduğu vətən, torpaq uğrunda mərdliklə döyüşür, göstərdiyi şücaət əsgər yoldaşlarını da qələbəyə aparır. Onun şəhidliyi isə tarixi zəfərimizə gedən yol olur...
Özü getsə də, canından artıq sevdiyi vətən torpaqları azadlığa qovuşdu. Elə Elgün də həyatının mənasını bunda görürdü. Qısa ömür yaşadı, amma şərəfli ölümü ilə qərinələr boyu unudulmaz, neçə-neçə nəsillərə örnək olan bir zirvəyə ucaldı.
Onu da bildirim ki, Prezident İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medali ilə təltif edilənlər arasında şəhid Elgün də var.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü