DİN Şəmkir polisi haqqında iddialara münasibət bildirdi - əsassızdır...

Sosial şəbəkələrdə Şəmkir rayonunda polis əməkdaşlarının Vətən Müharibəsində dövlət bayrağını müsadirə etməsi, orduya yardım aparan şəxslərin cərimələnməsi və digər əsassız məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, yayılan məlumatlarla bağlı DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, iddialar əsassız olmaqla, faktsızdır, həqiqəti əks etdirmir.
Vətən Müharibəsində kimliyindən asılı olmayaraq, hər kəs kimi polis də üzərinə düşən vəzifələri ləyaqətlə, şərəflə yerinə yetirib. Kimlərsə polis haqqında əsassız iddialar irəli sürürsə, polisi bayrağa, vətəndaşa hörmətsizlikdə ittiham edirsə, həmin şəxsin xarakterində ziddiyyət var.