Pandemiya dövründə təhsil müəssisələrində xərc 45 faizədək azaldı, təhsil haqları isə azalmadı - qənaət olunmuş vəsaitin taleyi...

Kamran Əsədov: “Təhsil müəssisələri xərclənməyən həmin vəsaitləri elektron xidmətlərin təşkilinə sərf etməlidirlər”

img

Məlum olduğu kimi, ölkəmizdə koronavirusla mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ötən il mart ayının 3-dən etibarən Azərbaycanda tədris-təlim müəssisələrində tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Bu gün orta, orta ixtisas, peşə təhsili müəssisələrində və ali məktəblərdə təhsil alanlar evdə onlayn şəkildə dərslərini davam etdirirlər. Bildiyimiz kimi, ölkəmizin ali məktəblərində təhsil həm ödənişli, həm də ödənişsiz əsaslarla həyata keçirilir.

 

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verdi. Həmin qərara əsasən, həssas əhali qrupuna aid olan ailələrin üzvü olan tələbələr təhsil haqqından azad olundular.

Onu da qeyd edək ki, pandemiya ilə bağlı olaraq 1 ilə yaxındır ki, məktəb və universitetlərdə dərslər onlayn şəkildə keçirildiyi üçün bu qayda təhsil müəssisələrinin xərclərini ciddi şəkildə dəyişdi. Belə ki, 2020-ci il üçün təhsil müəssisələrinin ödədiyi kommunal və digər xərclər 2019-cu illə müqayisədə 40-45 faiz azalıb. Ancaq xərclərin ciddi şəkildə azalmasına baxmayaraq, ali təhsil müəssisələri təhsil haqqının məbləğində heç bir endirim etmədilər. Maraqlıdır, təhsildə qənaət edilən vəsait necə xərclənməlidir?

  • ...onlayn tədris, onlayn qiymətləndirmə platformalarının yaradılmasına, elektron kitabxanaların təşkilinə...

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, 1 ilə yaxındır tətbiq edilən distant təhsil səbəbindən məktəb və universitetlərdə kommunal və digər xərclərə qənaət olunur: “Aparılan araşdırmalara görə, 2020-ci il üçün təhsil müəssislərinin ödədiyi kommunal və digər xərclər 2019-cu illə müqayisə etdikdə 40-45 faiz azalıb. Əvvəllər təhsil müəssisələri işıq, su, istilik və digər xərcləri ödəyirdilər, indi isə bunlardan azaddırlar. Ona görə də xərcləri kəskin şəkildə azalıb. Hesab edirəm ki, təhsil müəssisələri xərclənməyən həmin vəsaitləri elektron xidmətlərin təşkilinə sərf etməlidirlər. Bu gün elektron universitetə çox ehtiyac var. Düşünürəm ki, xərclənməyən vəsaitlər onlayn tədris, onlayn qiymətləndirmə platformalarının yaradılmasına, elektron kitabxanaların təşkilinə yönəldilməlidir. Bundan başqa, xərclərin ciddi şəkildə azalmasına baxmayaraq, təhsil haqqının məbləğinə heç bir endirim edilmədi. Xüsusilə özəl liseylərdə bu xərclər ciddi məbləğdə azaldı. Əvvəllər yemək, nəqliyyat xərcləri böyük vəsait tələb edirdi. İndi isə pandemiya səbəbindən tətbiq edilən distant təhsilə görə həmin məbləğ liseylərin özündə qalıb. Ona görə də bunları səmərəli xərcləmək lazımdır”.

Günel CƏLİLOVA

Son xəbərlər