DİN-in builki 20 Yanvarla bağlı bəyan etdiyi mərasim qaydaları şəraitə tam uyğun sayıldı

Rasif Bağırov: “...tələb edilən qaydalara mütləq riayət etmək lazımdır”

img

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun olaraq, bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib. Bunu nəzərə alaraq, bu il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli formatda təşkil edildi.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, xiyabana gəlmək istəyən ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar xiyabana beşnəfərlik qruplarla daxil olacaq və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxacaqlar. Xiyabanın daxilində və kənarda insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər Xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar.

Ekspertlər hesab edirlər ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə kütləvi tədbirlərin xüsusi qaydada keçirilməsi düzgündür.

  • ...bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib”

Həkim-ekspert Rasif Bağırov bildirdi ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən karantin rejiminin tələblərinə uyğun olaraq, bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib: “Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını vətəndaşların ziyarətinin əvvəlki illərdən fərqli təşkil edilməsi virusun geniş formada yayılmasının qarşısını alacaq. Bu cür tədbirlərdə iştirak edənlər mütləq qaydada sosial məsafə saxlamalı, tibbi maskalardan istifadə etməlidirlər. Unutmaq lazım deyil ki, hazırkı dönəmdə kütləvi tədbirlər keçirilən zaman tələb edilən qaydalara mütləq riayət etmək lazımdır”.

Günel CƏLİLOVA

Son xəbərlər