Vətənini canından artıq sevən Turan Həsənzadə... - FOTO

Köksündə Vətən sevgisini, qəlbində millət eşqini yaşadan oğuldur Turan. Məqamında elə sipər durmağı bacaran, dövləti-varı öz daşı, öz divarı olan bu fədakar insan Astara rayonunun Toradi kəndində dünyaya göz açıb. Turan həyatda ilk müstəqil addımlarını atan gündən bütün ömrü boyu xeyirxah əməllərdən özünə çələng hörməyi əsas məqsəd seçir. Bunlara nail olmaq üçün incə ruhla, açıq qəlblə xalqına bağlanır.
Turan 2015-ci ildə Lənkəran Dövlət Universitetinin tarix-coğrafiya müəllimliyi fakültəsini bitirib ordu sıralarına gedir. Xidmət zamanı vətənpərvərliyi, yüksək əxlaqi keyfiyyətləri ona nüfuz qazandırır. Əsgərlər, zabitlər Turanın mərdliyinə, cəsurluğuna, ağılına heyran qalır. O, Aprel döyüşlərində yaxşı ad-san çıxarır. Kiçik çavuş torpaq uğrunda ölüm-dirim savaşında dığalara sarsıdıcı zərbə vurmaqla onlara xeyli itki verir.
Vətən qarşısında oğulluq borcunu şərəflə başa vuran Turan Həsənzadəni 2017-ci ildə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi seçirlər. Vətəninə sədaqətli olmaqla, dövlətə, xalqına layiqli xidmət göstərir. İnsanlara gərək olmaqla, onlara fayda verməklə tanınır, sevilir. Nəcib həyat amalı, xeyirxah məqsədləri pöhrə verdikcə yüzlərə insan onun zəka işığına can atır, həyatına dəyər qatır. Bütün bunlarla bərabər, Turanı dığaların Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və onun ətrafında 1988-ci ildən apardığı işğalçılıq siyasəti, bu torpaqlar uğrunda döyüşlərdə şəhid olan vətən övladlarının müqəddəs ruhları qana qan almağa çağırır. Məhz bu səbəbə görə o, İkinci Vətən müharibəsinə könülü qoşulur və çoxlarına nümunə, örnək olası qəhrəmanlıq göstərir. Ən əsası, dığalardan ürəyindən keçən qisası ala bilir. 30 il düşmən tapdağında olan Qarabağımız Turan kimi mərd vətən övladlarının cəsarəti, igidliyi hesabına azad olunur...
Cəsur döyüşçünün müharibədə göstərdiyi şücaət Azərbaycan Prezidenti tərəfindən öz qiymətini yüksək səviyyədə alıb. Belə ki, o, Füzulinin, Qubadlının, Zəngilanın, eləcə də Laçının azad olmasına görə medallar ilə təltif edilib.
Bəli, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu Qələbədə Ali Baş Komandamız İlham Əliyev başda olmaqla, doğma yurdunu, torpağını canından artıq sevən Turan Həsənzadə kimi minlərlə vətən oğlunun böyük rolu var. Bir millət olaraq onlarla fəxr etməyə, qürur duymağa dəyər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü