Məhərrəm Zülfüqarlı: “Azərbaycanın 5 min ilə söykənən bir tarixi var”
Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlər erməniləri bərk təşvişə salıb. Qeyd edək ki, İlham Əliyevin geniş məzmunlu andiçmə nitqində Dağlıq Qarabağ problemi və onun həlli yollarından da bəhs edilib.
Prezident bildirib ki, bu istiqamətdə ermənilərə heç bir ərazi güzəşti olmayacaq və Dağlıq Qarabağla indiki Ermənistan tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan mətbuatında həmin ölkənin xarici işlər nazirinin müavini Şavarş Köçəryanın guya İlham Əliyevin fikirlərinə verdiyi “cavab” dərc edilib. Ancaq verilən cavabdan görünür ki, nazir müavini heç bir ciddi arqumentə, elmi, tarixi faktlara istinad etməyi bacarmayıb. Yalnız bunu bildirib ki, guya müasir Azərbaycan dövlətinin əsası 100 il bundan əvvəl Osmanlı İmperiyasının göstərdiyi hərbi dəstək hesabına qoyulub və bununla da xəritədə ikinci türk dövləti qurulub. Halbuki, tarixən dövlətçiliyi olmayan, yüz il əvvəl başqa dövlətlərin dəstəyi və özgələrinin torpağı hesabına dövlət sahibi olan elə ermənilərin özüdür. İrəvanın Ermənistana paytaxt kimi Milli Şura tərəfindən hədiyyə edildiyi isə sübuta ehtiyacı olmayan faktdır.
Şavarş Köçəryanın bu iddialarının İlham Əliyevin səsləndirdiyi fikirlər qarşısında aciz göründüyü şübhəsizdir.
Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı qəzetimizə açıqlamasında bildirdi ki, tarixi olmayan bir millətin rəsmisindən bundan artıq cavab gözləməyə dəyməz: “O, bəzi tarixləri yaxşı ki, yadında düz saxlaya bilib. Bəli, Azərbaycanda 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika yaranıb. Ancaq həmin dövlət kiminsə silahlı dəstəyilə deyil, həmin zamanın tarixi şəraitinə uyğun şəkildə yaranıb və bu iş üçün millətimizin qeyrətli oğulları böyük mücadilədən keçiblər. Azərbaycanın zəngin dövlətçilik ənənələri var. Bu səbəbdən də bizdə hər zaman müstəqil dövlət olmaq arzuları baş qaldırıb. Təsadüfən, kiminsə dəstəyilə dövlət quran ermənilərdir. Bunu söz olaraq deyil, tarixi faktlara əsaslanaraq söyləyə bilərik. İndi yaşadıqları ərazi və dövlətin onlara heç bir aidiyyəti olmayıb. Qaraçılar kimi köçəri həyat sürən ermənilərin ilk yaşadığı ərazi Balkanlar olub. Onlar sonradan bu tərəflərə qovulublar. Tarixən bəllidir ki, ermənilər ərazilərində yaşadıqları bütün dövlətlərə xəyanət ediblər. İlham Əliyevin səsləndirdiyi faktlar tam reallığa söykənir və o qədər də uzaq olmayan keçmişi əhatə edir. Burdan aydın görünür ki, erməni rəsmisinin tarixi bilgiləri həddən artıq zəifdir və onu ciddi qarşılamaq lazım deyil. Vətəni olmayan bu xalq Rusiya İmperiyasının dəstəyi ilə bu ərazilərə köçürülüb. Sonra da onlar Azərbaycanın tarixi ərazisi olan İrəvan Xanlığının hüdudlarında özlərinə dövlət yarada biliblər. Bunlar təkzib edilməsi mümkün olmayan faktlardır. Sadəcə, uzun müddət müstəqil dövlətimizin olmaması bizim tariximizin saxtalaşdırılmasına şərait yaradıb. Çox vaxt bizim əsaslı arqumentlərimizə onlar indiki kimi təhrif edilən faktlarla cavab verirlər. Bu sahədə işimizi gücləndirməliyik. Azərbaycanın 5 min ilə söykənən bir tarixi var. Tariximizin ən şərəfli səhifələri olan Səfəvilər, Nadir şah, Qacarlar dövrünü lazımi şəkildə bugünkü və gələcək nəsillərə öyrətməliyik. Ermənilər özlərində güc tapıb bunu etiraf etmək istəmirlər. Bizim Mannadan başlayaraq, indiki dövlətimizə qədər tariximiz mövcuddur. Kökü, tarixi olmayan ermənilər bunların qarşısında aciz qaldıqları üçün qonşularına böhtan atmaqla məşğul olurlar”.
Məhəmmədəli QƏRİBLİ