Fikrət Sadıqov: “Türkiyə ilə Azərbaycanı tarixi bağlar, dərin köklər birləşdirir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə edəcək. Türkiyə mətbuatının verdiyi məlumata görə, səfər aprelin 25-də baş tutacaq. Qeyd olunub ki, səfər çərçivəsində İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Türkiyənin baş nazir Binəli Yıldırımla görüşəcək.
Qeyd edək ki, Azərbaycan və Türkiyənin dövlət başçıları seçkilərdən sonra ilk rəsmi səfərlərini, bir qayda olaraq, qardaş ölkəyə gerçəkləşdirirlər. 2013-cü ildə prezident seçkilərindən sonra İ.Əliyev ilk rəsmi səfərini Türkiyəyə edib. 2014-cü il seçkilərində qalib gələn Ərdoğan ilk səfərini Azərbaycana edib. 2007-ci ildə prezident seçilən Abdullah Gül ilk rəsmi səfərini Azərbaycana və ŞKTR-ə edib.
İlham Əliyevin simasında bu tarixi ənənənin davam etdirilməsi Azərbaycan-Türkiyə əlaqələrinin daha da yaxşılaşması istiqamətində atılan addım kimi dəyərləndirilə bilərmi?
Politoloq Fikrət Sadıqov qəzetimizə bildirdi ki, burada təəccüblü nəsə yoxdur: “Prezident İlham Əliyev bu addımı atmaqla Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Türkiyə ilə Azərbaycanı tarixi bağlar, dərin köklər birləşdirir. Tarixən də Türkiyə ilə Azərbaycan həm ağır gündə, həm də xoş gündə bir-birinin yanında olublar. Prezident İlham Əliyevin bu səfəri, eyni zamanda, dünyaya, xüsusən də Azərbaycan-Türkiyə yaxınlığından narahat olan qüvvələrə bir mesajdır. Azərbaycan-Türkiyə münasibətlərini sarsıtmaq mümkün deyil. Azərbaycanla Türkiyə həmişə bir-birinin yanında olub və bundan sonra da belə olacaq. Bizi tarixi qardaşlıq kökləri ilə yanaşı, həyata keçirdiyimiz birgə layihələr də bir-birimizə sıx bağlayır. İndiki formatda bizimlə Türkiyə arasında narahatedici heç bir detal yoxdur. Əksinə, münasibətlərimiz daha da yaxınlaşır. Bəli, iki qardaş ölkə başçısının seçiləndən sonra ilk xarici səfərlərini məhz bir-birinə etmələri aramızda olan münasibətlərin səmimiliyindən xəbər verir. Hesab edirəm ki, İlham Əliyevin növbəti 7 illik prezidentliyi dönəmində bu münasibətlər daha yeni mərhələyə qədəm qoyacaq və daha da yaxşılaşacaq. Bizim aramızdakı münasibətlər iki müstəqil ölkə arasındakı diplomatik əlaqə kontekstindən də çox-çox səmimidir. Məhz buna görə də bir-birimizə qardaş ölkə deyərək müraciət edirik”.
Məhəmmədəli QƏRİBLİ