Arzu Nağıyev: “Azərbaycan heç bir hərbi blokun üzvü deyil, həm NATO, həm də Rusiya ilə mühüm əlaqələri var”
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti Bakıya gəliblər. Yayılan məlumatlara görə, tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, eləcə də Suriyadakı vəziyyəti müzakirə mövzusuna çeviriblər.
Xatırladaq ki, yüksək çinli hərbçilərin Bakı görüşləri ilə bağlı artıq müsbət ənənə və təcrübə formalaşıb. Belə ki, hələ ötən ilin əvvəlində Azərbaycan paytaxtında Amerika və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü keçirilib. O vaxt Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri olan Cozef Danfordla Valeri Gerasimovun məhz Bakıda bir araya gəlməsi Azərbaycanın dünya miqyasında neytral statusunun nə dərəcədə önəm kəsb etdiyini və aparıcı ölkələr tərəfindən qəbul edildyini aydın surətdə göstərdi. Bu format üçün Bakının yenidən görüş yeri kimi seçilməsi nəyin əlaməti sayıla bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə bildirdi ki, tərəflər artıq üçüncü dəfə Bakıda bir araya gəlir: “NATO və Amerika ordu komandanlarının indiki gərgin geosiyasi vəziyyətdə Rusiya ordu komandanı ilə görüş üçün Bakını seçməsi Azərbaycanın regiondakı siyasi-coğrafi mövqelərindən, hər iki qarşı duran güc mərkəzi ilə normal münasibətlərə malik olmasından irəli gəlir. İki böyük dövlətin yüksək səviyyəli hərbçilərinin görüş üçün Bakını seçməsi təsadüfi deyil. Valeri Gerasimov və Kertis Skaparottinin Bakıda keçirilən bu görüşü də mühüm əhəmiyyət kəsb edir. Görüşün əsas mövzusu, təbii ki, Suriya məsələsi, regional qarşıdurmalar, terrorizmlə mübarizə və Rusiya-NATO silahlı qüvvələrinin Avropada fəaliyyətindən ibarət oldu. Hər iki genaralın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi də əhəmiyyətli məsələdir. Çünki müxtəlif qütblü hərbi birləşmələri təmsil edən şəxslərlə ayr-ayrılıqda fikir mübadiləsi aparmaq da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda görüşün Azərbaycanda keçirilməsi ölkəmizin təhlükəsiz bir məkan olmasından xəbər verir. Bundan başqa, Azərbaycan heç bir hərbi blokun üzvü deyil, bununla yanaşı, həm NATO, həm də Rusiya ilə mühüm əlaqələri var. Deməli, Azərbaycan regional və qlobal məsələlərin həllində rolu olan bir dövlətdir. Azərbaycanın apardığı balanslı siyasət dünyanın geosiyasi xəritəsində mühüm dəyişikliklərə səbəb olub və bunu da supergüclər qəbul edirlər. Son vaxtlar Azərbaycan qlobal miqyaslı beynəlxalq tədbirlərə də evsahibliyi edir. Hazırkı görüş də Bakı üçün suverenliyimiz və ərazi bütövlüyümüzün dəstəklənməsində çox önəmlidir”.
Məhəmmədəli QƏRİBLİ