Ermənistanda güc strukturlarını müxaliflərə qarşı sərt tədbirlər görməsinə baxmayaraq, ölkədə etiraz aksiyalarının miqyası genişlənir. Bu fonda hakimiyyətin devrilmə ehtimalı daha da yüksəlir. Bir daha xatırladaq ki, Serj Sarkisyanın baş nazir postunu tutması əhali tərəfindən qəbul olunmur.
Sarkisyan hələ Ermənistanda parlament üsul-idarəçiliyinə keçidi təmin edən Konstitusiya dəyişikliklərini referenduma çıxaranda bu dəyişikliklərin hakimiyyətini baş nazir statusunda uzatmağa xidmət etmədiyini, baş nazir olmayacağını dəfələrlə elan edib. İndi isə ermənilər onun verdiyi sözü pozduğunu görərək küçələrə çıxıb.
Erməni ekspert Lilian Karapetyan bunun səbəblərini belə izah edir: “Biz Sarkisyanın idarəçiliyindən yorulmuşuq. O bizim üçün heç nə etməyib. O yalnız xalqı qarət edib və indi də baş nazir olmaq istəyir. O çox təhlükəli adamdır. Niyə Ukraynada oğrunu devirmək mümkün olur, Ermənistanda isə yox? Kütlə toplaşarsa, o zaman Serji də, onun oğru bandasını da devirə bilərik. Nə Qarabağ klanı, nə də Kreml ona kömək edə biləcək”. Daxili işlər naziri və prezidentin milli təhlükəsizlik müşaviri postlarını tutmuş Aşot Manuçaryan da eyni mövqedən çıxış edir: “Serj Sarkisyan adında adam xalqla müqavilə bağladı. Dedi ki, bu konstitusiyanı qəbul edin, indiyə qədər nə etmişəmsə eybi yox, mən hazırlaşıb gedirəm. Bu adam xalqa söz verib. Bu adam həmin vaxta qədər adam sayılırdı ki, andını, verdiyi sözü pozmasın. Verdiyi sözə əməl etməyən andan o adamlıqdan çıxdı, imkan yaratdı ki, bu qrup onu banda rəhbəri adlandırsın. O, onlarla vəd verdi, amma sakitcə deyə bilərəm - bizdə verdiyin vədi pozdunsa, yalançı cinayətkara, satqına çevrilirsən”.
İndi əhali ilə yanaşı, erməni diasporu da Sarksiyana qarşı çıxır və bu, onun mövqelərini daha da zəiflədir. Erməni siyasi şərhçi Tevos Arşakyan qeyd edir ki, artıq Ermənistan diasporu Serj Sarkisyana müharibə elan edib. O, kütləvi aksiyanın genişləndiyini, İrəvanla yanaşı Gümrü, Vanadzor və digər şəhərlərə də keçdiyini qeyd edir: “Hətta Ermənistanın sərhədlərindən kənarda da Sarkisyana qarşı etiraz dalğası böyüyür. Əvvəlcə Moskvada, daha sonra Marsel və Los-Ancelesdə erməni icmaları Sarkisyan rejiminə qarşı etiraz aksiyası keçirdi. Məhz bu faktor qəsbkar Sarkisyanı qorxuya saldı. Heç kimə sirr deyil ki, Sarkisyan hakimiyyəti üçün ölkə daxilində xalqın etirazı o qədər də qorxulu deyil. Çünki istənilən etirazı polis, ordu və oliqarxların köməyi ilə yatıra biləcək. Sarkisyan üçün 3 təhlükəli məqam var”. Arşakyan yazır ki, təhlükəli məqamlardan biri hakimiyyət aparatının xəyanəti, ikincisi Moskvanın dəstəyinin kəsilməsi, üçüncüsü isə erməni diasporunun qarşı çıxmasıdır: “Hakimiyyət aparatı və Moskva hələ ki Sarkisyanı dəstəkləyir. Lakin erməni diasporu bu dəstəyə qarşı çıxdı. Xüsusilə Moskva, Marsel və Los-Ancelesdə erməni icmalarının aksiyaları rejimi qorxuya saldı. Rusiya, Fransa və ABŞ erməni diasporunun ən güclü olduğu yerlərdir. İlk olaraq Moskvada Ermənistan səfirliyinin önündə aksiya keçirildi. Hətta qorxmuş səfir Vartan Toqonyan Rusiya hüquq-mühafizə orqanlarına müraciət etdi. Nəticədə rus polisi aksiyanı dağıtdı. Marseldə etirazçılar Ermənistan konsulluğuna daxil ola bildi və divardan Sarkisyanın portretini çıxararaq yandırdılar. Los-Ancelesdə isə erməni icmasının nümayəndələri ABŞ hökumətindən Ermənistanda hakimiyyəti zəbt etmiş Sarkisyanın cəzalandırılmasını tələb etdilər. Sarkisyanın özü yaxşı xatırlayır ki, Levon Ter-Petrosyanı məhz diasporun dəstəyi ilə devirə bildilər. Rejim yaxşı anlayır ki, Fransa və ABŞ-da diasporun dəstəyini itirmək, avtomatik olaraq, bu ölkələrin də dəstəyindən məhrum olmaq deməkdir. Bu, Sarkisyanın rejiminin sonu ola bilər”.
Bu arada politoloq Stepan Danielyan isə bildirir ki, yaranmış vəziyyətdə məmurların bəziləri də Sarksiyana qarış çıxır. Eyni zamanda bəzi yerlərdə, məsələn, Gümrüdə polislərin bir qrupunun etiraz edənlərin sırasına qatıldığı bildirilir. Fikirlər səslənir ki, belə vəziyyətdə Sarkisyanın devrilmə ehtimaıl artdığından, o artıq Rusiyanın prosesə müdaxilə etməsini istəyir. Beynəlxalq hüquq mütəxəssisi Ruslan Osipenko da bildirir k, Sarkisyanı hakimiyyətdə yalnız Rusiya saxlaya bilər: “Rusiya Serj Sarkisyana qarşı Ermənistanda keçirilən etirazlara qiyam kimi baxır və vəziyyətin Ukrayna ssenarisi üzrə getməməsi üçün plan hazırlayır. Ermənistan Rusiya üçün Qafqazda çox əhəmiyyətli dayaq nöqtəsidir. Orada Rusiyanın hərbi bazası yerləşir və sərhədlər Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə birgə qorunur. Rusiya beynəlxalq münasibətlərdə Ermənistandan İran, Türkiyə və Azərbaycan kimi ölkələrə qarşı alət kimi istifadə edir”. Ekspert əmindir ki, Rusiya Ermənistanda mənfi ssenarinin inkişaf etməsinə imkan verməyəcək: “Moskva İrəvanı sadəcə itirmək istəmir. Bu, mənafe konfliktidir. Pis ssenari üzrə qarşıdurma Ermənistan ərazisinin bir hissəsinin itirilməsi və ya ölkənin hissələrə bölünməsi ilə nəticələnə bilər. Amma Rusiya Ermənistan üçün çox möhkəm dayaqdır. O, Qafqazda geosiyasi müttəfiqini asanlıqla güdaza verməyəcək.
Düşünürəm ki, orada Rusiyanın xüsusi xidmət orqanlarının müdaxiləsi olacaq və hansısa bir sakitləşdirici addımlar atılacaq. Mümkündür ki, Serj Sarkisyanı əvəz edəcəklər, yaxud da vaxt udmaq və ondan ötrü münasib modeli tapmaq üçün danışıq prosesinə daxil olacaqlar. Amma Rusiya Ermənistanın özündən uzaqlaşmasına və müstəqil xarici siyasət həyata keçirməsinə imkan verməyəcək, çünki o, çox əhəmiyyətlidir”.
Nahid SALAYEV