Məhəmməd Əsədullazadə: “FETÖ üzvünün ekstradisiyasından sonra həmin şəxslərin həbsi və ölkəmizə göndərilməsi üçün məsələ qaldırılmalıdır”
FETÖ üzvü olmaqda ittiham edilən və Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının məhkəməsi davam etdirilib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun təqdimatı üzrə məhkəmə iclası keçirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun əməkdaşları və Türkiyə Səfirliyinin nümayəndəsi iştirak edib. Mustafa Ceyhanın vəkilləri işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyiblər. Daha sonra məhkəmə prosesi aprelin 20-də davam etdirilib. Prosesdə təqsirləndirilən dövlət ittihamçısının ötən proses verdiyi vəsatətlər müzakirə edilib. Daha sonra məhkəmə prosesinin aprelin 30-da davam etdirilməsinə dair qərar qəbul olunub.
Məlumat üçün qeyd edək ki, Mustafa Ceyhan Azərbaycan Respublikasına qanunsuz yolla keçmək istəməkdə ittiham edilir. Amma o, bu ittihamı rədd edir. Mustafa Ceyhan heç bir terror təşkilatının üzvü olmadığını, BMT-dən sığınacaq aldığını söyləyir. Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib. Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib. Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.
O da məlumdur ki, Azərbaycan Türkiyə ilə imzalanan bütün razılaşmalara sadiqdir. O cümlədən, hüquqi sahədə əməkdaşlıqla bağlı qarşılıqlı razılaşma var. Sirr deyil ki, ötən il 4 türk millət vəkilinin qanunsuz olaraq Dağlıq Qarabağa səfər etməsi böyük rezonansa səbəb oldu. Onların Azərbaycandan icazə almayaraq belə addım atmaları barələrində müvafiq hüquqi prosedurların həyata keçirilməsi zərurətini ortaya qoyur. Ancaq indiyədək qardaş ölkədə həmin “erməni əlinə oynayan” 4 millət vəkili barədə heç bir hüquqi prosedur başladılmayıb.
Bu baxımdan, ekspertlər məsələyə necə yanaşırlar? Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, buna həqiqətən də ehtiyac var: “Türkiyədə məlum dövlət çevrilişinə cəhddən sonra FETÖ üzvlərinin həm daxildə, həm də xaricdə həbsləri gerçəkləşdi. Daxildə bu qruplaşma üzvlərinin həbsi tezliklə asanlaşsa da, xaricdə müəyyən məsələlərə görə uzanırdı. Təbii ki, həmin ölkələrlə Türkiyə arasında hüquqi müqavilələrin olması bu prosesə öz təsirini göstərirdi. Qeyd edim ki, Azərbaycanla Türkiyə arasında bu sahədə müqavilələr var.
Azərbaycanda həbs olunan Türkiyə vətəndaşlarının Türkiyəyə ekstradisiyası mümkündür. Hazırda ölkəmizdə həbs olunan FETÖ üzvünün Türkiyənin istəyi ilə bu ölkəyə köçürülməsi hüquqi olaraq tam uyğundur. FETÖ üzvləri qardaş ölkənin milli təhlükəsizliyi üçün təhlükə yaradırlar. Ancaq o da məlumdur ki, bir müddət bundan əvvəl bir qrup türk deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi ölkəmizdə narahatlıq doğurdu. Vurğulayım ki, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edənlərə qarşı Azərbaycan sanksiyalar tətbiq edir və onların həbsi barədə məsələ qaldırır. Türkiyə deputatlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı qardaş ölkənin hüquq-mühafizə orqanları hüquqi prosedurlara başlamalı və onlar həbs edilməlidirlər. Həmçinin, ölkəmiz onları Türkiyədən istəyə bilər. Hazırda bu proses getmədiyinə görə bunu gündəmə gətirmək lazımdır. Çünki belə səfərlər ölkəmizin suverenliyinə qəsddir. FETÖ üzvünün ekstradisiyasından sonra həmin şəxslərin həbsi və ölkəmizə göndərilməsi üçün məsələ qaldırılmalıdır”.
Vidadi ORDAHALLI