Ermənistan tərəfi özünü yenə də konstruktiv apara bilmir, vaxtı uzatmağa, status-kvonu saxlamağa var qüvvəsilə cəhd göstərir. Mənim təəssüratım, məndə olan məlumat budur. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov jurnalistlərə deyib.
PA rəsmisi qeyd edib ki, baxmayaraq ki, Azərbycan və Rusiya tərəfindən müəyyən təzyiqlər göztərilir, amma Ermənistan hələ ki, öz mövqeyini dəyişmək istəmir: "Bu da görünür ki, Ermənistan rəhbərliyinin, Sarkisyanın, Nalbandiyanın maraqlarına uyğun gəlir. Onlar hələ də başa düşə bilmirlər ki, tamamilə səhv yoldadırlar və bu yol onları hara aparıb çıxarır? Bunun haqqında düşünməklərinin artıq vaxtı gəlib çatıb".
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyəyə qarşı göstərdiyi bu münasibəti əlbəttə ki, tamamilə ədalətsiz hesab edirik. AŞPA-nın Türkiyəni yenidən monitorinq altına alması ilə bağlı qərarı Avropada, Avropanın müəyyən strukturlarında gedən proseslərdir ki, bunlar bir əsas xətdə özünü göstərir. Bunu da N.Məmmədov deyib.
PA rəsmisi qeyd edib ki, bununla bağlı mövqeyimizi bildirmişik və bu proseslərin nəticələrinin hara aparacağını Avropada görəcəklər: "Avropa İttifaqı və Avropa ölkələri ilə Türkiyə arasında münasibətlərin çox böyük tarixi var. Avropanın, eləcə də Qərbin ən mühüm qurumu olan NATO Türkiyəni əsas üzvlərindən biri hesab edir. Uzun müddət soyuq müharibə zamanı Türkiyə Avropanın arxasında sanki bir qalxan kimi dayanmışdı. O zamana qədər Türkiyəyə olan münasibəti siz bilirsiniz. Amma indi vəziyyət bir qədər dəyişəndən sonra bütün bu proseslərə baxmayaraq, Avropa İttifaqı, Avropa qurumları Türkiyəyə bu cür münasibət göstərirlər və Avropa İttifaqının qapısı ağzında ölkəni 30 ilə yaxın saxlayırlar. Bu proseslərdə ədalətli mövqe yoxdur. Hansı tərəfin nədə marağı varsa, ona addım atır, yoxdursa, tez unuda bilir".
N.Məmmədov deyib ki, son 25 il ərzində SSRİ və Varşava müqaviləsi dağılandan sonra dünyanın yeganə aparıcı qüvvəsi olan Qərb ümumiyyətlə, çox böyük səhvlər etdi və bu səhvlər indi də davam edir: "Bunun dünyada nə qədər gərginliyə gətirib çıxardığını görürük. Bu proseslərin heç kimə xeyiri, faydası yoxdur".
Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.