Məhəmməd Əsədullazadə: "Ola bilər ki, Rusiya YPG-yə dəstəyi müəyyən qədər azaltsın, amma bunun daimi olması gözlənilmir"
Məlum olduğu kimi, mayın 3-də Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Danışıqlar üç saatdan artıq davam edib. Rusiya liderinin Soçidəki "Boçarov ruçey" iqamətgahında prezidentlər əvvəlcə təkbətək görüş keçirib. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçirib.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Türkiyə arasında ticarətdə olan məhdudiyyətlər aradan götürülüb: "Türkiyə Rusiya üçün vacib və perspektivli tərəfdaşdır. Biz prezidentlə görüşdə ticarətdə məhdudiyyətlərin aradan qaldırılması və qarşılıqlı hesablamaların milli valyuta ilə həyata keçirilməsi məsələsinə toxunduq". Görüş zamanı V.Putin iki ölkə arasındakı münasibətlərin xüsusi status əldə etdiyini və tam bərpa olunduğunu bildirib. R.T.Ərdoğan isə rəsmi Moskva və Ankaranın birgə səylərinin Yaxın Şərqdəki vəziyyətə təsir edə biləcəyini açıqlayıb: "Rusiya prezidenti ilə aparılan danışıqların nəticələri bir neçə gündən sonra görünəcək".
Maraqlıdır, Ərdoğan bunu deyərkən nəyi nəzərdə tutur? Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya prezidenti V.Putinin dəvəti ilə gerçəkləşən Soçi görüşünün məqsədi ikitərəfli əlaqələrin normallaşmasına, həmçinin, Suriya ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirmək idi: "Məlum təyyarə böhranından sonra hər iki tərəf bir-birinə iqtisadi sanksiyalar tətbiq etmişdi. Proses normal mərhələyə keçdikdən sonra da Rusiya Türkiyənin kənd təsərrüfatı mallarına tətbiq etdiyi qadağaları hələ götürməyib. Yəni hələ ki, bu qadağa davam edir. Türkiyə ilə Rusiya Suriyada nə qədər koordinasiya şəklində fəaliyyət göstərsə də, ciddi problemlər qalmaqdadır. Ərdoğanın ABŞ-ın Suriyaya raket zərbəsindən sonra Əsədin getməsini tələb etməsi, ABŞ-ın bu hücumunu dəstəkləməsi Kremldə narahatlıq doğurub. Bundan əlavə, Rusiyanın Suriyada terrorçu YPG-PKK-ya verdiyi lojistik və siyasi dəstək də Ankaranı qayğılandırır. Türkiyə-Rusiya nə qədər ortaq bir bəyanatla çıxış etsə də, hələ ki, konkret hansı məsələlərdə razılaşdıqları barədə ictimaiyyətə məlumat verməyiblər. Qeyd edim ki, hər iki liderin müzakirə etdiyi əsas prioritet məsələlər "Cənub axını" qaz kəmərinin çəkilməsi, Rusiyanın müəyyən qədər kənd təsərrüfatı məhsullarına qadağanı götürməsi, Rusiyanın Suriyada YPG-ni dəstəkləməməsi, "S-400" havadan müdafiə raket komplekslərinin Türkiyəyə satılması olub. Rusiya isə Türkiyədən Əsədə qarşı mübarizədə rol almamasını və birgə ortaq mövqe nümayiş etdirməsini istəyə bilər. "S-400" sisteminin satılması, "Cənub axını" qaz kəmərinin çəkilməsi, Suriyada yenidən ortaq çalışma və müəyyən qədər iqtisadi tərəfdaşlıqda razılaşma ola bilər. Rusiya YPG-PKK vasitəsilə daim Türkiyəyə qarşı təsir rıçaqlarından istifadə edir. Ola bilər ki, Rusiya YPG-yə dəstəyi müəyyən qədər azaltsın, amma bunun daimi olması gözlənilmir. Türkiyə Şimali Suriyaya yenidən hərbi müdaxilə edib, YPG terrorçularını sərhəddən uzaqlaşdırmaq niyyətindədir. Rusiyanın Afrində YPG ilə birgə olması, burada terrorçuları müdafiə etməsi rəsmi Kremlin Türkiyəni bu əməliyyatdan çəkindirmək istəyindən irəli gələ bilər. İki ölkə iqtisadi məsələlərdə, əsasən enerji sahəsində əməkdaşlıq etsə də, Suriya və siyasi məsələlərdə fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqları həssas olduğu üçün, daim pozulma risqindədir. Suriyada Rusiya YPG-yə dəstəyi çəkərsə, Türkiyə-Rusiya əlaqələri daha da inkişaf edər. Görünür, Putin YPG terrorçularına dəstəyi azaltmaq fikrində deyil. Rusiya ilə Türkiyə arasında münasibətlər inkişaf edərsə, Avropa İttifaqı ilə Türkiyənin əlaqələri daha da zəifləyəcək".
Vidadi ORDAHALLI