Əli Orucov: "Bu kimi forumlar prosesin getməsinə müəyyən qədər təsir göstərə bilər"
Aparılan müşahidələr göstərir ki, bir sıra beynəlxalq təşkilatlarda ciddi islahatların aparılmasına ehtiyac var. Çünki neçə illərdir sözügedən təşkilatlar dünya nizamının idarə olunmasına əsaslı təsir göstərə bilmir. O üzdən, beynəlxalq təşkilatlarda islahatlar aparmadan real nəticə əldə etmək imkansızdır.
İndi dünya miqyasında geosiyasi dəyişikliklərin dönməz xarakter aldığı haqqında mütəxəssislər tez-tez yazır və müxtəlif mülahizələr irəli sürürlər. Vəziyyət mürəkkəbdir, onun dərk edilməsi də kifayət qədər çətin bir işdir. Ancaq elə məqamlar var ki, onları analiz etməklə ümumi səviyyədə proseslərin transformasiyası mənzərəsini yaratmaq olar. Keçən əsrin 60-cı illərinin sonunda müşahidə edilən vəziyyətlə müəyyən analogiyası var. O dövrdə Avropada bir total üsyankarlıq özünü göstərirdi. Bütün qitəni etiraz hərəkatı götürmüşdü. Müxtəlif sferalarda bu, fərqli təzahür etsə də, ortaq cəhət də vardı. Lakin indi transformasiya şərtləri fərqlidir. Burada söhbət əsasən geosiyasi nizamın yeniləşməsindən gedir. Birincisi, geniş kütlələr kommunikasiyada ildırım sürəti ilə iştirak edə bilir. Bu, sosial şəbəkələr, internet, yüksək texnologiyalı kommunikativ alətlər vasitəsilə olur. İkincisi, kütlələrin şüuru ilə manipulyasiya imkanları da misilsiz dərəcədə artıb. Yəni artıq çox sürətlə və yüksək dinamika ilə milyonların şüuruna istədikləri kimi təsir edə bilirlər. Bu da ictimai rəyi idarə etməyi xeyli çətinləşdirir. Bəzi beynəlxalq təşkilatların aparıcı dövlətlərin əlində alətə çevrilməsi, ikili standartlar və digər faktorlar həmin təşkilatlara etimadı aşağı salır. Bütün bunların fonunda, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq təşkilatlarda islahatların aparılmasına necə təsir göstərəcək?
Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun fikrincə, forum, az da olsa, bu məsələni aktuallaşdıra bilər: "Məsələ ondadır ki, beynəlxalq təşkilatlarda islahatların aparılması nə qədər vacib olsa da, bunu həyata keçirmək çətindir, xüsusən də indiki dövrdə. Bu da onunla əlaqədardır ki, dünyada gedən siyasi-iqtisadi proseslər fonunda, bir sıra böyük dövlətlərin maraqları toqquşur. Bu da, öz növbəsində, islahatların aparılmasını, bu yöndə işlərin görülməsinin tezləşdirilməsini çətinləşdirir. Xüsusən də Yaxın Şərqdə baş verən hadisələr fonunda, görünən odur ki, aparıcı dövlətlər bunda maraqlı deyil. Bu da bəzi beynəlxalq təşkilatların nüfuzunu, onlara inam və etimadı heçə endirir. Bütün bunlara rəğmən, hesab edirəm ki, beynəlxalq təşkilatlarda islahatların aparılması istiqamətində davamlı dialoq olmalıdır. Bu kimi forumlar prosesin getməsinə müəyyən qədər təsir göstərə bilər. O şərtlə ki, bu davamlı xarakter alsın".
Vidadi ORDAHALLI