Daşdəmir Əliyev: "Ancaq niyyətinə çata bilmədi"
Məlum olduğu kimi, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən başlayaraq, hər iki ölkənin silahlı qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçirilir. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, döyüş və nəqliyyat helikopterləri, həmçinin, qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.
Bu təlimlərdən ən böyük narahatlığı Ermənistan keçirir. Onlar təlimlər dövründə özlərinə qarşı hansısa fövqəladə təxribatın ola biləcəyindən ehtiyat ediklərinə dair səs-küy salmağa başlayıb. Belə kampaniyaya təlimlərin başlanmasındaan xeyli əvvəl start verilib. Ermənistan yaxşı anlayır ki, Azərbaycan birgə təlimlər dövründə onlara qarşı hansısa addımlar atmaq niyyətində deyil. Ermənilərin belə davranışının məqsədi nədir?
Hərbi ekspert Daşdəmir Əliyevin sözlərinə görə, Ermənistan bizimlə bütün istiqamətlər üzrə müharibə aparır: "Xüsusən də informasiya müharibəsində daha çox fəallıq göstərmək istəyirlər. Türkiyə ilə birgə keçirdiyimiz hərbi təlimlərlə bağlı yaydıqları informasiyanı da bu qəbildən saya bilərik. Qərəzli yanaşma ilə Türkiyəni diqqət mərkəzinə gətirmək istəyirlər. Xüsusən də bu məsələyə İran və Rusiyanın diqqətini cəlb etmək məqsədi güdürlər. Bununla bağlı açıq bəyan edirlər ki, NATO üzvü olan ölkə gəlib İran və Rusiyanın sərhədində təlim keçir. Özlərinin gücləri çatmayan bir prosesə Rusiyanı qoşmaq istəyirlər. Ancaq Ermənistan gözəl bilir ki, Azərbaycan birgə hərbi təlimlər zamanı ona qarşı hansısa addım atmaz. Çünki bu təlimlərin məqsədi və təyinatı tamamilə başqadır. Ermənistan bu canfəşanlığı ilə Türkiyəni diqqət mərkəzinə gətirirdi ki, ona hardansa təzyiq edilsin. Ancaq niyyətinə çata bilmədi. Çünki təlimlər artıq yekunlaşmaq üzrədir".
Məhəmmədəli QƏRİBLİ