Samirə Sədyarlı: "Belə bir formatda tədbirin keçirilməsi bütün bəşəriyyət üçün zəruri olan mədəniyyətlərarası dialoqun formalaşmasına öz mühüm töhfəsini verəcək"
4-6 may tarixində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO-nun tərəfdaşlığı ilə Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumda Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir və digər dövlətlərin mədəniyyət nazirləri iştirak edəcək.
Azərbaycan tərəfinin təklifi ilə forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.
Forum Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində artıq 4-cü dəfədir təşkil olunur.
Azərbaycanın təşəbbüsü ilə baş tutan bu tədbirin bütün dünyada mədəniyyətlərarası dialoqun inkişafında nə kimi rolu olacaq?
Ekspert Samirə Sədyarlının sözlərinə görə, XXI əsrdə baş verən hadisələrin motivi bır sıra xüsusiyyətlərinə görə əvvəlki dövrlərdəkindən kəskin surətdə fərqlənir: "Biz bu gün elə bir dövrdə yaşayırıq ki, artıq millətlərin və xalqların həyat və yaşam fəlsəfəsini mədəniyyətlərin və geniş bir coğrafiyada yaşayan xalqların birgəyaşama fəlsəfəsi əvəz edir. Bu meyllər bəzən qloballaşma, bəzən inteqrasiya adlandırılır, bəzən isə, ümumiyyətlə, bu ifadələrin heç biri qəbul edilmir. Lakin bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, bu qaçılmaz bir prosesdir. Sadəcə, bu prosesin gedişində hadisələrin düzgün inkişafına şərait yaratmaq lazımdır. Bu əsrdə fərqli baxışlara, fərqli dinlərə və milli mənsubiyyətə aid olan insanlar, geniş mənada millətlər bir-birini daha da yaxından tanımaq üçün böyük imkanlara malikdir.
Nə qədər ki, millətlər və insanlararası münasibətlər dövlətlərin bir-birilə əməkdaşlığının səviyyəsi və bununla müəyyən edilən çərçivə daxilində, həmçinin, məhdud informasiya resursları şəraitində aparılırdı, bu zaman mədəniyyətlər və dinlərarası məsələlər elə də aktual deyildi. Hazırda isə biz informasiya texnologiyalarının elə bir inkişafı dövründə yaşayırıq ki, bir-birini tanımaq üçün heç bir əngəl yoxdur. Yetər ki, dövlətlərin siyasəti bu nöqtədə uzlaşsın. Lakin təəssüflər olsun ki, son zamanlar Qərb ölkələrində multikulturalizmə qarşı çıxanlar çoxluq təşkil edir. Bir zamanlar bu ideyaları dəstəkləyən və ona şərait yaradan qüvvələr bu gün onun əməli nəticələrindən qorxur və geriyə qayıdır. Bu olduqca təhlükəli meyldir. Bilirsiniz, Bakı Forumu yeganə platformadır ki, dörd beynəlxalq təşkilatı bir araya gətirib və həmin qurumların fəaliyyətinin əlaqələndirilməsinə və təqdimatına şərait yaradır. Bu olduqca ciddi məsələdir. Bakı Forumu hər hansı beynəlxalq təşkilatın tək himayəçiliyi altında olan tədbir deyil, Azərbaycan hökumətinin təşəbbüsü və təşkilatçılığı ilə neytral bir məkan olan Azərbaycanda - mədəniyyətlərin qovuşduğu bir yerdə azad bir platforma kimi təşkil edilir. Hesab edirəm ki, belə bir formatda tədbirin keçirilməsi bütün bəşəriyyət üçün zəruri olan mədəniyyətlərarası dialoqun formalaşmasına öz mühüm töhfəsini verəcək".
Məhəmmədəli QƏRİBLİ