Arzu Nağıyev: "Düşünürəm ki, bütün münaqişələrin həlli üçün mədəniyyətlərarası dialoq, multikultural yanaşma modelinin tətbiqi zəruridir"
Müasir dövrdə dünya xalqlarının yaxınlaşması, qlobal təhlükələrin qarşısının alınması üçün qüvvələrin birləşdirilməsi və vahid anlamın formalaşdırılması bəşəriyyətin qarşısında duran vacib problemlərdən biridir.
Dünyada insanların sayı, insanlar və onların cəmiyyətləri arasında təmas artdıqca, bir tərəfdən onların yaxınlaşması və ünsiyyəti üçün imkan yaranır, digər tərəfdən, həyati məkan, həyati resurslar uğrunda mübarizə kəskinləşir, onları üz-üzə qoyur. Həyati məkan daraldıqca, maraqların toqquşması daha amansız xarakter alır. Belə bir vəziyyətdə insanlığın xilas yolu insanlar, cəmiyyətlər, dövlətlər, sivilizasiyalar, fərqli dini areallar arasında ünsiyyətin tənzimlənməsi, onların vahid münasibətlər sisteminin formalaşmasından keçir ki, onun da əsasında mədəniyyət dayanır.
Ölkəmizdə 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yüzdən artıq ölkədən nüfuzlu siyasətçilər, keçmiş və indiki dövlət başçıları iştirak edəcək. Onlar üç gün ərzində dinlərarası dialoq və multikulturalizm dəyərlərinə hörmət məsələlərini müzakirə edəcək.
Forumun və prosesin tərəfdaşları isə dünyanın nüfuzlu təşkilatlarıdır. Onların arasında UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO kimi beynəlxalq təşkilatlar da var.
Bu tədbirdə Qərb ölkələri, Yaxın Şərq, Asiya regionlarında və Sakit okean hövzəsindəki problemlərin həlli üçün hansısa innovativ əməkdaşlıq mexanizmləri təklif edilə bilərmi?
Ekspert Arzu Nağıyev hesab edir ki, bu, mümkündür:
"Həmin tədbirlərdə müzakirə olunan məsələlər isə dünya səviyyəsində həllini gözləyən problemlərdir. Belə bir nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi ilk növbədə təhlükəsizlik məsələlərinə dayanır. Bu gün Azərbaycan özünə qarşı olan təhdidlərin qarşısını ala bilirsə, deməli, dünya səviyyəli forumlara da ev sahibliyi etmək iqtidarındadır. Bu gün ölkəmiz dini inanclar, müxtəlif adət-ənənələr arasında multikultural dəyərlərə yüksək qiymət verdiyi üçün, bu cür tədbirlərə ev sahibliyi edə bilir. Azərbaycanın iqtisadi, siyasi, mədəni çəkisi bu cür tədbirlərin keçirilməsində böyük rol oynayır. Belə bir forumun paytaxtımızda keçirilməsinin ölkəmiz üçün müsbət cəhəti odur ki, dünyanın yüzdən artıq ölkəsindən siyasətçilər, dövlət başçıları ölkəmizə təşrif buyuracaq. Bu cür tədbirlərdə Azərbaycanın Dağlıq Qarabağ probleminin prioritet istiqamət olması, ölkəmizdə mədəniyyətin, multikulturalizmin inkişafına dövlət dəstəyi, turizm sahəsinin inkişafı, iqtisadi islahatlar, Qərbin və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynaması qabarıq şəkildə birinci şəxslərin dilindən eşidilir. Bu isə bizim üçün çox mühüm və vacib bir nüansdır. Bunun əsas müsbət cəhəti ondan ibarətdir ki, həmin liderlər öz ölkələrinə qayıtdıqda, digər problemləri həll etdikdə istinad olaraq bu forumda eşitdikləri məsələlərə qayıdırlar. Üç gün ərzində davam edəcək forumda Qərb və Yaxın Şərq regionlarında mövcud vəziyyətin təhlili müzakirəyə çıxarılacaq. Eyni zamanda, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması məsələsi də gündəliyə daxil edilib. Hesab edirəm ki, tədbirin mahiyyəti həmin bölgələrdə olan problemlərin həlli üçün yeni, innovativ əməkdaşlıq mexanizmlərini təklif etməyə tam uyğundur. Düşünürəm ki, bütün münaqişələrin həlli üçün mədəniyyətlərarası dialoq, multikultural yanaşma modelinin tətbiqi zəruridir".
Məhəmmədəli QƏRİBLİ