Elçin Mirzəbəyli: "Ayrı-ayrı güc mərkəzləri xalqları qarşı-qarşıya qoyur"
Məlum olduğu kimi, mayın 4-də Bakıda 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayacaq. Forumda yüzdən artıq ölkədən nüfuzlu siyasətçilər, keçmiş və indiki dövlət başçıları iştirak edəcək. Onlar üç gün ərzində dinlərarası dialoq və multikulturalizm dəyərlərinə hörmət məsələlərini müzakirə edəcək.
Forumun və prosesin tərəfdaşları isə dünyanın nüfuzlu təşkilatlarıdır. Onların arasında UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO kimi beynəlxalq təşkilatlar da var. Forumda Qərb və Yaxın Şərq regionlarında mövcud vəziyyətin təhlili müzakirəyə çıxarılacaq. Eyni zamanda, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması məsələsi də gündəliyə daxil edilib. Beyin mərkəzlərinin ortaq fikir mübadiləsindən yoğrulan təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər forumun əsas diskussiya mövzusu olacaq.
Məlumat üçün qeyd edək ki, forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.
Bununla yanaşı, Azərbaycan hökuməti IV Ümumdünya Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin effektivliyinin artırılması üçün yeni imkanlar yaradacaq.
Ümumilikdə, Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsinə ekspertlər necə yanaşır? Sözügedən məsələni dəyərləndirən politoloq Elçin Mirzəbəylinin fikrincə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimiz üçün mühüm əhəmiyyət daşıyan bir faktordur: "Forumun Bakıda keçirilməsi ilə Azərbaycan humanitar fəlakətlərlə üz-üzə qalan dünyanın özünə çox ciddi mesajlar verir. 4-6 may tarixlərində 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi təsadüfi deyil. Bu gün bəşəriyyət mədəniyyətlərin, sivilizasiyaların toqquşması ilə üz-üzə qalıb. Ayrı-ayrı güc mərkəzləri xalqları qarşı-qarşıya qoyur. Bununla da onlar öz geosiyasi maraqlarını təmin etməyə çalışır. Azərbaycanın verdiyi mesajın kökündə isə mədəniyyətlərarası münasibətləri inkişaf etdirməklə problemlərin həllinə nail olmaq mümkündür ismarışı dayanır. Bu həm də ölkəmizin bu günə qədər keçdiyi yoldan, Azərbaycan tarixindən, xalqımızın mental xüsusiyyətlərindən və dəyərlərindən qaynaqlanır. Şübhəsiz ki, bu tədbirin paytaxtımızda keçirilməsinin ölkəmizin nüfuzunun artması baxımından da önəmi böyükdür. Bu həm də Azərbaycanın dünyaya verdiyi mesajlar baxımından mühüm əhəmiyyət kəsb edir".
Vidadi ORDAHALLI