Yeganə Hacıyeva: "Səfirin sualdan yayınması isə yəqin ki, məsələnin onun səlahiyyətlərini aşması ilə bağlı olub"
Bu günlərdə Çinin Azərbaycandakı səfiri Vey Tszinhua mediaya iki ölkə arasında münasibətlər barədə məlumat verib. O bildirib ki, Çin 2016-cı ilin yekunları üzrə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri və üçüncü idxal mənbəyi olub.
Onun sözlərinə görə, Çin və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından sonrakı 25 il ərzində əlaqələr sağlam və sabit inkişaf xətti ilə saxlanıb, bütün sahələrdə mübadilə və əməkdaşlıq daim dərinləşib: "Çin tərəfinin statistikasına əsasən, Çin və Azərbaycan arasında ticarətin həcmi bir il əvvəllə müqayisədə 15,4 % artaraq, 2016-cı ildə 769 milyon dollara çatıb".
"İpək yolu" layihəsi barədə danışan çinli diplomat Azərbaycanın layihə regionunda əhəmiyyətli ölkə olduğunu qeyd edib: "Bir kəmər, bir yol" təşəbbüsünün irəli sürülməsi Azərbaycana və digər ənənəvi enerji ölkələrinə iqtisadiyyatın transformasiyası üçün nadir tarixi fürsət qazandırıb, Azərbaycanın bütün dairələrində yüksək dərəcəli razılığa səbəb olub. İndi tərəflər yeni əməkdaşlıq sahələri qazanmaq, əməkdaşlıq üçün yeni perspektivlər açmaq, qarşılıqlı fayda əldə etmək məqsədilə "bir kəmər, bir yol" təşəbbüsünü Azərbaycanın 2020-ci ilədək olan strateji konsepsiyası ilə uzlaşdırmağa çalışırlar".
V.Tszinhua vurğulayıb ki, rəsmi Pekin Çin-Azərbaycan münasibətlərinin 25 il ərzindəki inkişafından razıdır və dövlətlərarası əlaqələrin gələcəyindən əmindir. Ancaq çinli diplomat ölkəsinin Ermənistana hansı səbəbdən silah satması ilə bağlı verilən sualdan yayınaraq, ona cavab vermək istəməyib. Çin səfirinin bu sualdan yayınmasını necə izah edə bilərik?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Çinin Ermənistana silah satması xəbəri yeni deyil: "Bu istiqamətdə araşdırmalar aparılsa məlum olar ki, hələ ötən əsrin sonlarında Çin Ermənistana "Tayfun" adlanan silah növləri satıb. Buna Azərbaycanda geniş etirazlar da edilib. Ondan sonra da bu proses davam etdirilib. Səfir qeyd edir ki, onların Azərbaycanla çox yaxın münasibətləri var. Belə münasibətlərə xələl gəlməməsi üçün, Çin Ermənistana silah satışı ilə bağlı məsələni bir daha nəzərdən keçirməlidir. Dünyanın böyük ölkələrinin hamısı silah satışında maraqlıdır. Çünki bundan böyük qazanc əldə olunur. Onlar üçün münbit bazar qaynar nöqtələrin olduğu yerdir. Ancaq düşünürəm ki, bu məsələdə digər amillər də xüsusilə nəzərə alınmalıdır. Çinlə Azərbaycanı gələcəkdə daha sıx tellər bağlayacaq. Hər iki ölkə "İpək yolu" layihəsinin vacib komponenti sayılır. Bu baxımdan da Ermənistana qəpik-quruşa satılan silahlara görə bizim kimi partnyorla münasibətləri korlamaq olmaz. Səfirin sualdan yayınması isə, yəqin ki, məsələnin onun səlahiyyətlərini aşması ilə bağlı olub. Ancaq, istənilən halda, diplomatın sualdan yayınması onun zəifliyini xarakterizə edir".
Məhəmmədəli QƏRİBLİ