Mehdi Mehdiyev: "Yaxşı olar ki, Ermənistan sərsəm bəyanatlar vermək əvəzinə, konstruktiv mövqe ortaya qoymaq barədə düşünsün"
Azərbaycanın Türkiyə ilə keçirdiyi birgə hərbi təlimlər Ermənistanı ciddi şəkildə narahat etməyə başlayıb. Bundan ən çox narahatlıq keçirən isə Dağlıq Qarabağda qərarlaşan separatçı hərbi rejimin rəsmiləridir.
Qondarma qurum rəhbərinin mətbuat katibi David Babayan erməni mətbuatına bildirib ki, birgə təlimləri diqqətlə izləyirlər: "Hesab edirəm ki, bu təlimlər Rusiya, İran və NATO-nun maraqlarına uyğun deyil. NATO üzvü olan Türkiyə bu əməli ilə həmin hərbi bloku pis vəziyyətdə qoymuş olur. Bir sözlə, belə təlimlərin keçirilməsi NATO nizamnaməsinə və reqlamentinə ziddir. Belə çıxır ki, NATO öz üzvlərinin hərəkətlərinə nəzarət edə bilmir".
Keçirilən birgə təlimlərin NATO-nun nizamnaməsinə uyğun olmaması ilə bağlı səslənən iddiaları nə dərəcədə əsaslı saymaq olar?
Hərbi ekspert Mehdi Mehdiyev qəzetimizə açıqlamasında bildirdi ki, ermənilərin bu arqumenti tamamilə əsassızdır: "Hər dəfə olduğu kimi, bu dəfə də cəfəngiyyat danışırlar. Təlimlərdə iştirak edən Türkiyə NATO üzvü olan ölkədir. Azərbaycan da NATO ilə sülh naminə əməkdaşlıq etdiyi üçün, belə təlim reallaşa bilib. Təbii ki, Azərbaycanın NATO ilə əlaqələri normal olmasaydı, hərbi alyans öz üzvünün o prosesə qatılmasını istəməzdi. Keçirilən hərbi təlimin mahiyyəti də açıqlanıb ki, hansısa üçüncü ölkəyə qarşı yönəlməyib. Ermənistanın belə narahatlıq keçirməsi əbəs yerə deyil və yaxşı olar ki, onlar təlimdən yox, Azərbaycan Ordusunun həqiqi gücündən qorxsun. Çünki Azərbaycan öz torpaqlarını təlimlərlə deyil, həqiqi müharibə yolu ilə azad etməyə qadirdir. Hələlik bu hüququ özümüzdə saxlayırıq. Yaxşı olar ki, Ermənistan sərsəm bəyanatlar vermək əvəzinə, konstruktiv mövqe ortaya qoymaq barədə düşünsün".
Məhəmmədəli QƏRİBLİ