Mübariz Əhmədoğlu: "Rusiya bu vaxta qədər Ermənistana..."
Bir neçə gün bundan əvvəl Rusiya paytaxtında Moskvanın təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin işgüzar görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi aparılıb.
Toplantıda 2016-cı ilin mayında Vyana, iyununda isə Sankt-Peterburqda keçirilən görüşlərdə əldə edilmiş razılıqların icrasına ehtiyac olduğu vurğulanıb. Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin həllinə kömək etdiyi üçün Rusiya xarici işlər nazirinə minnətdarlıq edib. Nazirlər bütün məsələlərin müzakirəsi üçün əlaqələrin davam etdirilməsi ilə bağlı razılığa gəlib. Üçtərəfli danışıqlarda Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib.
Xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, üçtərəfli müzakirələrin nəticələri nazirlər tərəfindən dövlət başçılarına məruzə ediləcək.
Erməni ekspert Aykazn Qaqriyan deyib ki, Moskva görüşündə Ermənistan ilkin şərt kimi irəli sürdüyü atəşkəsə nəzarət mexanizmindən imtina etməyə məcbur edilib. Onun sözlərinə görə, Moskva görüşü Ermənistan üçün faciəli nəticələrə səbəb olacaq: "Atəşkəsə nəzarət mexanizmini Rusiya da istəmir. Məsələ ondadır ki, Moskva əvvəl bu məsələnin üzərinə o qədər də getmirdi. Lakin indi məsələ fərqlidir. Türkiyə-Amerika yaxınlaşması Rusiyanı Azərbaycana yaxınlaşmağa məcbur edir. Buna görə də Ermənistanı üçtərəfli görüşə məcbur etdi və görüş ərəfəsində silahın növbəti partiyasını Bakıya çatdırdı". Erməni ekspert Moskvada İrəvanın küncə sıxışdırıldığını vurğulayıb.
Politoloqların fikrincə, qapalı keçirilən görüş yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Lakin hələlik konkret razılaşmalardan söhbət gedə bilməz. Görüşdə daha çox gələcəkdə prezidentlərin görüşü ilə bağlı müzakirələr aparılıb.
Baş tutan məlum görüş barədə bizim yerli ekspertlər nə düşünür?
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü rəmzi məna daşıyırdı. Görüşün Rusiya tərəfindən təşkil olunduğunu və həmsədrlərin görüşə sonda buraxıldığını deyən politoloq söyləyib ki, bununla Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu öz üzərinə götürdüyü mesajını verdi: "Yayılan məlumatlardan məlum olur ki, görüş zamanı konkret məsələlər müzakirə olunub. Ermənistan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşikin missiyasının genişləndirilməsi və qoşunların təmas xəttində insidentlərin tətbiqi mexanizmlərinin yaradılması məsələsinin üzərində dayanıb, Azərbaycan isə işğalçı qoşunların çıxarılması qrafikinin hazırlanmasını tələb edib. Görüşdə Anjey Kasprişikin missiyasının genişləndirilməsi ilə Azərbaycanın tələbi arasında balans variant əldə olunub. Çünki Rusiyanın XİN başçısının son sözü belə idi ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ tənzimlənməsində bütün prinsipial məsələlər razılaşdırılıb, lakin bazanın həyata keçirilmə ardıcıllığında razılaşma əldə olunmayıb. Görünür, hazırda bununla bağlı konkret danışıqlar aparılır.
Rusiyanın təşəbbüsü ilə həyata keçirilən danışıqlarda ən vacib məqam danışıqların real-praktiki mərhələyə keçməsidir. Rusiya bu vaxta qədər Ermənistana parlament seçkilərinə görə dözürdü. Artıq bu seçkilər başa çatıb, ona görə Azərbaycan da, Rusiya da Ermənistandan konkretlik tələb edir. Yəqin ki, yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putindən üçtərəfli görüş barəsində yeni təşəbbüs eşidəcəyik".
Məhəmmədəli QƏRİBLİ