Aqşin Əliyev: "Bunu istəməyən hakimiyyət ilk növbədə işğala son qoymalıdır"
Moskvada ötən həftəsonu Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü də nəticəsiz başa çatdı. Əslində gözlənilən idi. Çünki sülh prosesinə real dinamika verməli olan əsas vasitəçi dövlətin - Rusiyanın fəallığı gözə dəymirdi.
Maraqlıdır ki, görüşün keçirildiyi ərəfədə Ermənistanda yeni ortaya atılmış "Ordu-millət" konsepsiyası ətrafında müzakirələr aparılıb. Ölkə başçısı və müdafiə nazirinin iştirakı ilə aparılan müzakirələrdə bildirilib ki, Ermənistan əsgərinin cəbhədə ölməsi onları ciddi narahat edir. Məhz danışıqlar ərəfəsində Sarkisyan cütlüyünün belə müzakirələrə girişməsi nə üçündür?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, bununla Ermənistan rəhbərliyi əsas diqqəti sülh danışıqlarından yayındırmaq istəyir: "Əslində, analoji mövzuda müzakirələrin aparılmasının özü danışıqlar prosesini pozmağa yönələn bir hərəkətdir. Onlar deyir ki, rəqib daim silahdan istifadə edir və əsgərləri həlak olur. Deyirlər ki, bu olduqca ciddi problemdir və bu haqda düşünmək lazımdır. Ermənistanın daxilində baş qaldıran əsgər analarının etirazından kompensasiya olunmaq üçün ortaya yeni doktrina atıblar. İradlar budur ki, 18 yaşlı oğlan uşağı, üstəlik, kasıb ailədən olan uşaq sərhədə göndərilir və orada təhlükə altına düşür. Deyirlər ki, ön cəbhəyə yalnız istəyi olanlar göndərilməlidir. Bu qəbildən aktual məsələlər həll olunmursa, yeni doktrinada 3 illik hərbi xidmətin pul ödəməklə kompensasiya edilməsinin mümkünlüyündən danışılır. Düşünürəm ki, bunların hamısı boş söhbətlərdir. Heç kim könüllü olaraq ön cəbhəyə hərbi xidmətə yollanmaqda maraqlı olmayacaq. Əsgərlərin ölümündən narahat olan Ermənistan hökumətinə ən doğru cavabı Prezident İlham Əliyev verib. O deyib ki, Ermənistan əsgəri Azərbaycanda ölmək istəmirsə, işğal etdiyi əraziləri tərk etməlidir. Ermənistan analarına isə ən doğru müraciəti Birinci vitse-prezident Mehriban xanım Əliyeva etdi. Məhz həmin müraciətin erməni analarının aktivləşməsində böyük rolu oldu. Bu baxımdan da Ermənistan rəhbərliyinin əsgər ölümü ilə bağlı narahatlığını növbəti şou adlandıra bilərik. Bunu istəməyən hakimiyyət ilk növbədə işğala son qoymalıdır".
Məhəmmədəli QƏRİBLİ