Ötən ayın sonlarında Türkiyənin Suriya və İraqda terrorçu kürd qruplaşmalarına endirdiyi zərbələr ABŞ və Rusiyada, belə demək olarsa, şok effekti yaradıb. Belə vəziyyət həmin dövlətlərin, xüsusən də ABŞ-ın Yaxın Şərqdə planlarının alt-üst olması ilə müşahidə edilməkdədir. Elə bu səbəbdən ABŞ kürdlərə qarşı əməliyyatların miqyasının genişlənməsindən ciddi narazılıq edir. Amma Ankara da geri çəkilmək niyyətində deyil.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi ilə sərhəddə kürd dövlətinin qurulmasına imkan verilməyəcək: "İstər PYD (kürdyönlü Demokratik Birlik Partiyası) olsun, istərsə də YPG (PKK-ya bağlı PYD-nin Suriyadakı silahlı qanadı), onlara bizimlə sərhəddə dövlət qurmağa icazə verməyəcəyik. Yeni dünya nizamı prosesində gözlərini ölkəmizə dikənlər qarşılarında 80 milyon vətəndaşımızı görəcəklər".
Hadisələrin bu səpkidə inkişafından kürdlər özləri də çox narahatdır. "Fərat" agentliyinə müsahibəsində PYD qruplaşmasının lideri Saleh Müslim deyib ki, Türkiyə PYD-yə qarşı əməliyyatlarını davam etdirsə, Rakkadakı qüvvələrini Türkiyə sərhədinə yönəldəcəklər:
"ABŞ uçuşa yasaq bölgə yaratmasa, Türkiyənin hücumları davam edəcək. Biz uçuşa yasaq bölgənin yaradılmasını tələb edirik. Türkiyə tamamilə Suriyadan çıxmalıdır. Həm Rusiya, həm də ABŞ artıq Türkiyədən məmnun deyil. Bəlkə aralarında hansısa sövdələşmələr olduğuna görə Ankaraya qarşı səslərini çıxarmırlar". Yaranmış durumda kürdlər üzərindən plan quran ABŞ hərəkətə keçib. Məsələn, ABŞ qoşunları türk hərbçiləri ilə PKK silahlıları arasında insidentlərin qarşısını almaq məqsədilə Suriya-Türkiyə sərhədinə nəzarət etməyə başlayıb. Bu barədə artıq "Wall Street Journal" nəşri ABŞ rəsmi şəxslərinə istinadən məlumat yayıb. Bundan başqa, ABŞ YPG-yə dəstək üçün sərhədə texnika və əsgərlər göndərib. İddialar səslənir ki, bundan sonra baş verə biləcək hər hansı hərbi toqquşmada amerikalı əsgərlər türklərə qarşı döyüşəcək. Rəcəb Tayyib Ərdoğan isə məsəlinin başqa tərəfinə nəzər salaraq, ABŞ-ın kürdlərlə işbirliyinin möhkəmlənməsindən narazılıq edir: "Suriyada Türkiyə ilə sərhəd boyunca ABŞ hərbi karvanında ABŞ və YPG terror təşkilatının bayraqlarının birgə dalğalanması bizi təəssüfləndirir". Ərdoğan deyib ki, Türkiyə və ABŞ NATO üzvləri, strateji müttəfiqdir: "Strateji müttəfiq kimi biz bu mənzərədən narahat oluruq. Bu, ABŞ-ın öncəki prezidenti Barak Obamanın dövründən qalan bir ənənədir davam edir. Vaşinqtona səfərim zamanı mövqeyimizi ABŞ prezidenti Donald Trampa çatdıracağıq. Türkiyə sıradan bir dövlət deyil, biz öz göbəyimizi özümüz kəsəcəyik. Mən bir daha bəyan edirəm ki, hər an Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalına daxil olaraq YPG terror təşkilatına zərbə endirə bilər. Biz əndişə ilə yaşamaqdansa, terrorçular qorxu içərisində yaşasınlar".
"Milliyyət" nəşri yazır ki, Türkiyənin döyüş təyyarələri Suriyanın Karaçok və İraqın Sincar bölgəsindəki PKK mövqelərini bombalamaqla ABŞ-ın böyük oyununu pozub. Belə ki, Ankara əməliyyatla ABŞ-ın Sincar ve Karaçok bölgələrini birləşdirərək İraqla Suriya arasındaki sərhədi aradan götürmək planına əngəl olub. Türkiyə ordusunun ilk dəfə vurduğu Sincar İraqın şimalında - Türkiyə sərhədlərinə yaxın ərazidə yerləşir və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Çünki Sincarı "İkinci Qəndil"ə çevirməyə niyyətli olan PKK terror təşkilatı buranı Suriyada PYD-nin nəzarət etdiyi kantonlarla birləşdirməyə çalışır. Buna görə də əməliyyata uzun müddətdir ki, hazırlıq görülürdü.
Türkiyə qırıcıları hələ bir həftə əvvəl Karaçok və Sincar bölgələrini bombalayaraq terror təşkilatının kommunikasiya müəssisələrini və 70-dən çox döyüşçüsünü məhv edib. Əməliyyatdan dərhal sonra amerikalı komandirlər bombardman edilən ərazilərə gediblər. Daha sonra isə ABŞ Türkiyənin əməliyyatlarından narazılığını dilə gətirib. ABŞ İraqda və Suriyada kürdlərə dəstəyini davam etdirəcəyini bildirib. Bölgədəki hərbi qaynaqlar "Sözçü" qəzetinə bildirib ki, ABŞ ordusu Suriyanın şimalında YPG-ni birbaşa mühafizə altına almayıb. Lakin bu qruplaşmaya yeni silahlar və texnika verib. Mənbələr deyib ki, hazırda YPG-nin əlində "Stinger" daşınan zenit-raket sistemləri və tank əleyhinə TOW raketləri, hətta ən müasir "Javelin" raketləri var. Bu silahlarla YPG Türkiyə ordusunun sərhəddəki mövqelərini atəşə tutur. ABŞ-ın bu addımlarına rəğmən, Ərdoğan terrorla mübarizənin həm ölkə daxilində, həm də xaricində son terrorçu məhv edilənə kimi davam edəcəyini bildirib: "Şimali Suriya və Şimali İraqda əməliyyatlar davam edəcək. Məsələn, Sincar bölgəsi bizim üçün ikinci Qəndildir. Biz ikinci Qəndilin yaranmasına imkan verməyəcəyik, çünki Sincarda təxminən 2 minə yaxın PKK terrorçusu var". Türkiyə mətbuatının yazdığına görə, hazırda Ərdoğan Suriyaya yeni hərbi müdaxilə variantını nəzərdən keçirir. Məhz belə vəziyyətdə ABŞ - Türkiyə hərbi toqquşmasının yaşanması tamamilə gözlənilən sayılır. Çünki tərəflərdən heç biri mövqeyindən geri çəkilmək istəmir.
Tahir TAĞIYEV