Məhəmməd Əsədullazadə: "Mayın 7-də Makronun prezident seçilməsi şansı yüksək olduğundan, erməni lobbisi Le Pendən dəstəyi kəsərək, ona dəstək ifadə etdi"
Ermənilər hər zaman şəraitə uyğun olaraq hiyləgərcəsinə siyasi manevrlər edir. Bu dəfə də "ənənələrinə" sadiq qalaraq bənzər mövqedən çıxış ediblər. Yayılan məlumata görə, Fransadakı erməni lobbisi prezident seçksinin ikinci turunda Emmanuel Makrona dəstək qərarı verib. Halbuki, əvvəl Le Penə dəstək verirdilər. Bu da təsadüfi deyildi. Ona görə ki, Le Pen açıq formada ermənilərə şirnikləndirici vədlər verirdi. Hətta bəzən bu vədlər siyasi çərçivədən də kənara çıxırdı.
Ancaq görəndə ki, ikinci turda qalib Makron olacaq, mövqelərini dəyişiblər. Hiyləgər erməni lobbisi Le Peni yarı yolda buraxaraq qalibi seçdi. Fransadakı erməni lobbisinin iki tanınmış nümayəndəsi - Ara Toranyan və Murad Papazyan Makrona göndərdikləri məktubda bunları qeyd ediblər: "Siz 24 apreldə Parisdə soyqırım abidəsini ziyarət etdiniz. Ayrıca, siz 24 apreli təqvimə daxil etməyi təklif etmisiniz. Ümid edirik ki, Siz soyqırımın tanınması işində fəal olacaqsınız".
Əslində, Makronun erməni lobbisinin xüsusi dəstəyinə ehtiyacı yoxdur. O, Fransadakı ermənilərin səslərinə gərək duymadan da prezident seçkisini öz xeyrinə rahat tamamlayacaq. Ancaq məsələ ondadır ki, Fransadakı siyasətçilərin böyük hissəsi ermənilərə nəvaziş göstərməyi özünün borcu sayır.
Bütün hallarda, erməni lobbisinin hiyləgər oyunbazlığını politoloqlar necə dəyərləndirir? Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Fransada keçirilən prezident seçkilərində erməni lobbisi daim fəallıq göstərib: "Çünki Fransa erməni lobbisinin güclü olduğu ölkələrdən biridir, onlar burada siyasi istibleşmentə təsir vasitələrinə malikdir. Hər seçkidə də prezidentliyə namizədlər erməni lobbisinin maliyyə imkanlarından yararlanıb. Ermənilər bununla dəstəklədiyi namizədi Türkiyə və Azərbaycana qarşı istifadə edib.
Aprelin 23-də Fransada prezident seçkilərinin birinci turu ərəfəsində "Milli Cəbhə"nin lideri Le Penə dəstək nümayiş etdirən erməni lobbisi, onun Azərbaycan əleyhinə ifadələr işlətməsinə nail oldular. Le Penin birinci turda "İrəli" hərəkatının lideri Makrondan geri qalması erməni lobbisinin arzusunu puç etdi. Mayın 7-də ikinci turda Makronun prezident seçilməsi şansı yüksək olduğundan, erməni lobbisi Le Pendən dəstəyi kəsərək, ona dəstək ifadə etdi. Təbii ki, bu, erməni xislətinin təzahürüdür. Makron erməni lobbisinə bir o qədər bağlı adam deyil. Onların Türkiyə və Azərbaycan əleyhinə siyasətinin təbliğatçısına çevrilməyəcəyi gözlənir. Ötən həftə Makronun Qarabağla bağlı müsahibəsi də neytrallığı əks etdirdi. Makron praqmatik siyasətçi və iqtisadçıdır. Onun məqsədi Avropa İttifaqının qlobal siyasətində Fransanın rolunu artırmaqdır. Qeyd edim ki, Avropa İttifaqında Fransanın rolu bundan sonra genişlənəcək. Avropa İttifaqı Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir. TAP və TANAP qaz kəmərləri Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulub. Prezident olacaq Makronun Fransa və İttifaq maraqlarından çıxış edəcəyi gözlənir. Onun Azərbaycanla bağlı siyasətində müsbət dəyişikliklər olacaq".
Vidadi ORDAHALLI