Elşən Mustafayev: "ABŞ Türkiyənin sərhədində müstəqil kürd dövlətinin yaradılmasında maraqlı görünür"
Suriyanın Tel Abyad bölgəsində Türkiyə Silahlı Qüvvələri ilə YPG döyüşçüləri arasında gərgin döyüşlərin başladığı barədə məlumat yayılıb. Sözügedən bölgənin mərkəzindən 10 km uzaqlıqdakı Sosık ve Gıresor kəndlərində yerləşən YPG mövqeləri bombalanır. Terrorçuların da müxtəlif raket və artilleriya qurğuları ilə qarşılıq verdiyi bildirilir.
Qeyd edək ki, Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib ki, Türkiyənin kürdlərin Suriya və İraqdakı mövqelərinə endirdiyi zərbələr ABŞ hərbçilərinin həyatı üçün təhlükə yaradıb: "Biz çox yüksək səviyyədə Türkiyə hökumətinə tam aydın şəkildə onların addımlarından dərin narahatlığımızı ifadə etdik. Onlar nəinki addımlarını koalisiya ilə əlaqələndirməyib, hətta həmin rayonda olan ABŞ hərbçilərinin həyatı üçün ciddi təhlükə yaradıblar. ABŞ Türkiyənin PKK ilə bağlı narahatlığını anlayır, lakin Vaşinqton bununla razı deyil. Biz onlara addımlarını bizimlə və koalisiya ilə tam əlaqələndirməli olduğunu aydın şəkildə izah etdik".
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələri aprelin 25-də kürd terror qruplaşmalarının (PKK, PYD, YPG) Suriya və İraqdakı mövqelərinə güclü zərbələr endirib.
Ankara bundan əvvəl dəfələrlə Vaşinqtonu PYD və YPG-ni silahlandırmaqda ittiham edib. ABŞ İŞİD-lə mübarizədə kürd terror qruplaşmalarını müttəfiq hesab edir.
Qeyd edək ki, Moskva da Türkiyənin kürd qüvvələrini vurmasından narahatlığını ifadə edib. Rusiya XİN sözçüsü Mariya Zaxarova Türkiyənin Suriya və İraqda YPG terror qruplaşmasına qarşı təşkil etdiyi əməliyyatlara münasibət bildirərkən deyib ki, Türkiyə qırıcılarının Suriya və İraqda PKK mövqelərinə aviazərbələri nəticəsində 70-dən çox terrorçu məhv edilib. Türkiyənin ilk dəfə olaraq Sincar bölgəsini də hədəf alması ABŞ, Rusiya və İranın narazılığına səbəb olub. Türkiyə lideri Ərdoğan isə bu əməliyyatla bağlı ABŞ və Rusiyanın əvvəlcədən məlumatlandırıldığını açıqlayıb.
ABŞ və Rusiyanın YPG narahatlığı nə ilə bağlıdır?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, ABŞ Türkiyənin sərhədində müstəqil kürd dövlətinin yaradılmasında maraqlı görünür: "Bunun ən ciddi zərbəsi Türkiyəyə dəyə bilər. Türkiyənin şərq bölgələrində kompakt yaşayan kürdlər gələcəkdə həmin müstəqil kürd dövlətinə birləşmək üçün hərəkətə keçə bilər. Kürdüstan dövlətinin yaradılması bölgəni çox ciddi təlatümlərə gətirəcək. Müstəqil kürd dövlətinin yaradılması Yaxın Şərqdə arzuolunan ideya deyil, bu, separatçılıq hərəkəti kimi qarşılanacaq. Çünki Yaxın Şərqdə ərazilərin yenidən düzənləndirilməsi prosesinə başlanması ərəb dövlətlərinin hamısının, o cümlədən də Türkiyənin, İranın ciddi etirazına səbəb olacaq. Bu bir barıt çəlləyinə bənzəyir və bu barıt çəlləyi ayrı-ayrı iri dövlətlərin əlində başqa dövlətlərə qarşı, o cümlədən Türkiyəyə qarşı istifadə olunacaq.
ABŞ bölgədən xeyli uzaqda yerləşən bir dövlətdir. Bölgədəki sadaladığım dövlətlərə təzyiq yolu effektli yol olmaz. Təzyiqlə istənilən nəticəni almaq mümkün deyil. Təzyiq olsa, bütün bölgədə Suriyadan betər bir vəziyyət yarana bilər. Türkiyənin YPG-yə qarşı başlatdığı əməliyyatların kökündə həm də belə proseslərin qarşısını almaq istəyi durur".
Ekspertin sözlərinə görə, Ərdoğan Türkiyənin kürd terrorçularına qarşı keçirilən əməliyyat barədə Rusiya, ABŞ və digər tərəfdaş ölkələri əvvəlcədən xəbərdar etdiyini bəyan edib: "Moskva zərbələrin qəbuledilməz olduğunu, əməliyyatlar barədə İraq və Suriya hökumətlərinin məlumatlandırılmasının zəruriliyini bildirib. Bununla Moskva heç də ABŞ-ın mövqeyini bölüşmür. Sadəcə, Türkiyənin həmin bölgədə müstəqil siyasət yürütməsini qəbul etmir. İstəyir ki, Türkiyə onun izni olmadan həmin regionda hansısa qətiyyətli addım atmasın".
Məhəmmədəli QƏRİBLİ