Dünyanın diqqətinin hər an savaşa çevrilə biləcək ABŞ-Şimali Koreya gərginliyinə yönəldiyi bir vaxtda gözlənilmədən Vaşinqtonun Tehranla münasibətlərini hərbi müstəvidə həll edə biləcəyinə dair xəbərdarlıqlar artır. İddialar səslənir ki, əslində, ABŞ Şimali Koreya yox, İrana qarşı intensiv müharibə hazırlığı görür, bunun üçün Tehranla münasibətləri gərgin olan ərəb dövlətləri ilə intensiv danışıqlar aparır.
Bundan əlavə, ABŞ-ın İrana qarşı çıxmasında İsrailin də Donald Tramp hökumətinə təsirlərinin artması barədə məlumatlar var. İsrail ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına hər cür dəstək verməyə hazır olduğunu bəyan edir. ABŞ-dakı nüfuzlu yəhudi lobbisi də qeyd edilən istiqamətdə fəaliyyətini xeyli genişləndirib.
Çox maraqlıdır ki, məhz belə bir vaxtda ABŞ-da İranın ünvanına ittihamlar gedərək artır. Belə ki, ABŞ dövlət katibi Reks Tillerson İranın Yaxın Şərq regionunda böyük təhlükə törətdiyini vurğulayıb. O bildirib ki, Tehrana nəzarət olmasa, İranın dünya ölkələrində təhrikedici əməllərinin yayılması təhlükəsi mövcuddur. Bundan əlavə, Tramp administrasiyası Tehranın qlobal təhlükəsizliyə hədə törətdiyinə görə İranla bağlı siyasətini yenidən nəzərdən keçirdiyi haqda xəbərdarlıqla da çıxış edib. Reks Tillerson bu xüsusda bildirib: "İran dünyada terrorizmi dəstəkləyən başlıca dövlətdir və münaqişələrin qızışdırılması, ABŞ-ın Suriya, Yəmən, İraq və Livan kimi ölkələrdə maraqlarının zəiflədilməsinə görə məsuliyyət daşıyır, İsrailə qarşı hücumları dəstəkləməkdə davam edir". Tillerson onu da deyib ki, nəzarət edilməsə, İranın nüvə ambisiyaları dünya üçün Şimali Koreyanın ambisiyaları qədər təhlükə yarada bilər: "İranın orta mənzilli son raket sınağı ölkənin BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsini pozaraq, raket texnologiyalarını inkişaf etdirib yayılmasını davam etdirdiyini göstərir". Xatırladaq ki, Tehran 2015-ci ildə Birləşmiş Ştatlar və dünyanın beş ölkəsi ilə İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramının inkişafının dayandırılmasını nəzərdə tutan razılaşma imzalayıb. ABŞ-da hakimiyyət dəyişdikdən sonra Donald Tramp bu anlaşmaya tənqidi münasibət bəsləyərək, onu ən pis razılaşma adlandırıb. Tillerson buna yenidən toxunaraq bildirib ki, nüvə razılaşması İranın nüvə təhlükəsini aradan qaldırmayıb: "Bu, nüvə ambisiyaları olan güclü ölkənin razı salındığına daha bir nümunədir. Biz onları qısa müddətə öz ambisiyalarından geri çəkilməyə razı salırıq, amma onlar yenə sonradan əməllərini davam etdirir". Tillersonun bildirdiyinə görə, razılıqda Tehranın region və dünya üçün yaratdığı təhlükə nəzərə alınmayıb. Amerikanın baş diplomatı deyib ki, Tramp administrasiyası İrandan gələn mümkün təhlükələri hərtərəfli şəkildə nəzərdən keçirəcək və onların aradan qaldırılması üçün qətiyyətli yanaşma nümayiş etdirəcək. Təhlilçilər bildirir ki, Birləşmiş Ştatlar İrana qarşı sanksiyaları genişləndirsə, bu, beynəlxalq razılaşmanın pozulması demək olacaq. Eyni zamanda İran yenidən nüvə proqramını inkişaf etdirməyə başlayacaq. Belə vəziyyət isə müharibə ehtimalını daha da artırır.
Yuxarıda qeyd olunduğu kimi, ABŞ-ın İrana zərbələr endirməsi İsrailin də maraq dairəsindədir. Bu məsələ Birləşmiş Ştatların müdafiə naziri, "quduz köpək" ləqəbli dəniz piyadaları generalı Ceyms Mattisin İsrailə səfərində bir daha gündəmə gəlib. Səfər zamanı Ceyms Mattis, başda İran olmaqla, iki ölkəni maraqlandıran məsələləri müzakirə edib. İsrail KİV-inin xəbərlərinə görə, Ceyms Mattislə danışıqlardan sonra İsrailin baş naziri Benyamin Netanyahu Tramp administrasiyasının İran və Suriya məsələsində "dəqiq yanaşmasından" məmnunluq ifadə edib. Ceyms Mattis isə deyib ki, iki ölkə İrandan qaynaqlanan təhdidlərə qarşı birgə fəaliyyət göstərməkdə davam edəcək.
Bu arada Netanyahu ABŞ-ın "Fox News" telekanalına müsahibəsində İranın Suriya sahillərində hərbi dəniz bazası qurmaq planları barədə danışıb və bildirib ki, bu məsələni mart ayında Moskvaya səfəri zamanı qaldırıb. Ancaq inandırıcı cavab ala bilməyib: "Onlar Suriyaya doğru irəliləyərək Aralıq dənizində hərbi-dəniz bazası qurmağa cəhd edirlər. Təsəvvür edin ki, İran, onun gəmiləri, sualtı qayıqları Aralıq dənizindədir. ABŞ-ın 6-cı donanması orada dislokasiya olunub, bizim gəmilərimiz oradan keçir. Biz İranın Aralıq dənizində belə bazasının olmasını istəyirikmi?". Baş nazir əlavə edib ki, Moskvaya səfəri zamanı prezident Vladimir Putinlə məhz bu məsələni müzakirə edib: "Onun nəzərinə çatdırdım ki, İsrail buna imkan verə bilməz. Mən cənab Putinə dedim ki, bu heç də yaxşı ideya deyil. İranın Aralıq dənizində hərbi dəniz bazası qurması heç kimin maraqlarına cavab vermir, o cümlədən Rusiyanın. Lakin təəssüf ki, Putindən inandırıcı arqumentlər eşitmədim". Məhz belə vəziyyətdə İsrail İranın Aralıq dənizinə gəlməsini də əngəlləmək üçün ABŞ-la birgə fəaliyyəti zəruri sayır. Bu birgə fəaliyyət İrana hərbi zərbələr endirilməsini nəzərdə tutur. Belə vəziyyət isə cənub sərhədlərimizdə tezliklə müharibəni istisna etmir.
Tahir TAĞIYEV