Məhəmməd Əsədullazadə: "Bu siyasi böhran bir müddət davam edəcək"
"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qərarı tamamilə siyasi mahiyyət daşıyır. Biz belə bir qərarı tanımırıq. İstədikləri qədər belə qərar qəbul edə bilərlər". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Reuters" agentliyinə müsahibəsində deyib.
Digər tərəfdən, Türkiyənin dövlət başçısı müsahibəsində xüsusi olaraq qeyd edib ki, Avropa İttifaqı qaçqınlarla bağlı verdiyi vədi yerinə yetirməyib. O bunu konkret faktlarla göstərib: "Türkiyə Avropa İttifaqına üzvlük üçün 54 il əvvəl müraciət edib. Avropa İttifaqı 54 ildir Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib, səmimi hərəkət etməyib.
Suriyadan, İraqdan 3 milyonadək insanı ölkəmizə qəbul etdik. Həmin insanlar haradan qaçırdılar?! Bombalardan qaçırdılar.
Biz bunları hazırda ölkəmizdə qonaq qəbul edirik. Bəs Avropa İttifaqı bütün bunlarla əlaqədar bizə nə söz verdi? Avropa İttifaqı dedi ki, 2016-cı ilin iyulunda sizə 3 milyard avro verəcəyik. Verdimi? Xeyr. Hətta həmin il yenə 3 milyard avro verəcəyini bildirdi. Ancaq indiyədək cəmi 725 milyon avro verib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da 550 milyon dollar verib".
Ərdoğan onu da bildirib ki, Aİ Türkiyəyə qarşı səmimi olmadığı üçün, başqa çıxış yolları tapmağa məcburdurlar.
O da reallıqdır ki, Suriyadan və İraqdan olan qaçqınların əsas yükü Türkiyənin üzərinə düşüb. Düzdür, həmin qaçqınların bir hissəsi İordaniya və digər ərəb ölkələrində də məskunlaşıb. Ancaq onların sayı elə də çox deyil. Başqa bir tərəfdən, varlı ərəb dövlətləri həmin qaçqınlara yardım edir. Ancaq Türkiyədə məskunlaşan qaçqınlara gəldikdə isə, əsas yük rəsmi Ankaranın üzərinə düşür. O baxımdan ekspertlər Aİ-nin Türkiyəyə verdiyi vədi yerinə yetirməməsini necə dəyərləndirir?
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Suriyada 2011-ci ildən daxili müharibə başladıqdan sonra böyük qaçqın axınına Türkiyə məruz qaldı: "Hazırda Türkiyədə üç milyon suriyalı qaçqın var. Türkiyə hakimiyyəti dövlət büdcəsindən suriyalı qaçqınlara milyardlarla dollar vəsait xərcləməkdədir. Qeyd edim ki, Suriya münaqişəsindən qaçan miqrant axını Türkiyə üzərindən Avropaya üz tuturdu. Xüsusilə böyük miqrant axını Avropada miqrant böhranına yol aça bilərdi. Avropa İttifaqı qaçqınların Avropaya axınının qarşısını almaq üçün Türkiyəyə müraciət etdi. Bu müraciətdə Türkiyənin üzvlük məsələsinin müzakirəsi və Türkiyədə qaçqınların yaşaması üçün üç milyard avro vəsait ayrılması qeyd edilib. Türkiyə danışıqlara sadiq qalaraq, Avropaya miqrant axınının qarşısını almaqla, İttifaqı demoqrafik problemdən qorumaqdadır. Aİ isə danışıqlarda nəzərdə tutulan məbləğin köçürülməsini gecikdirərək, 725 milyon avro ilə kifayətlənməkdədir. Hazırda Aİ ilə Türkiyə arasında dərin siyasi böhran hökm sürməkdədir. Görünür ki, İttifaq nəzərdə tutulmuş məbləği ayırmayacaq. Yenə də Türkiyə ilə manipulyasiya siyasətini davam etdirəcək. İttifaqın bu siyasəti Türkiyənin Suriya məsələsində tutduğu mövqe və PKK-YPG-yə qarşı apardığı antiterror əməliyyatı ilə bağlıdır. Türkiyə, nə qədər çətin olsa da, qaçqınları Avropaya göndərməyəcək. Suriyanın şimalında təhlükəsiz bir ərazidə yerləşdirəcək. Türkiyənin referendumdan sonra kürd terrorçularına qarşı hərbi əməliyyatlara start verməsi İttifaqın narahatlığına səbəb olur. Üç milyardı ayırmamaqla Türkiyəyə qarşı təzyiq edilir. Təbii ki, Türkiyə bu təzyiqlər qarşısında geri çəkilməyərək, əlavə dividendlər qazanacaq. Türkiyə Avropanın təhlükəsizlik şəraitində olması üçün, Yaxın Şərqdən gələn təlatümlərin qarşısını almaqla, önləyici bir ölkədir. AŞ PA Türkiyəni siyasi monitorinqə almaqla böhranı dərinləşdirib, bu siyasi böhran bir müddət davam edəcək".
Vidadi ORDAHALLI