Məhərrəm Zülfüqarlı: “Bu ya texniki səhvdir, ya da təxribatdır”
Türkiyə mediası ümumi qayda olaraq Ağrı dağını "Ağrı Dağı" adlandırır, lakin çox təəssüf ki, bəzi media qurumları Ağrı dağını “Ararat” kimi qələmə verməkdən çəkinmir.
Məsələn, Türkiyənin məşhur “Milliyət” qəzeti Ağrı dağını “Ararat” kimi yazıb. Qəzet yazır: “Tədqiqatçılar Türkiyənin Ararat dağı yaxınlığındakı Nuhun gəmisinin axtarış bölgəsində radar skaneri zamanı çoxsaylı anomaliyalar və hamar kənarlı boşluqlar aşkar ediblər. Layihə rəhbəri professor Cenker Atila bildirib ki, bunların Müqəddəs Kitab gəmisinin fraqmentləri olub-olmadığı iki ay ərzində müəyyən ediləcək.
Araratdan 28 km məsafədə yerləşən Durupınar bölgəsindəki konturu nəhəng gəmiyə bənzəyən qaya formasında tədqiqatlar aparılır. Onun uzunluğu 164 metrdir ki, bu da Əhdi-Ətiqdə təsvir edilən gəminin ölçüsüdür”.
“Müqəddəs Kitab rəvayətinə görə, saleh Nuh, Uca Tanrının əmri ilə ailəsini və heyvanlarını Böyük Daşqından xilas etmək üçün bir gəmi tikdi. Daşqından sonra gəmi Ararat dağına endi. 1949-cu ildə gizli bir missiya ilə geoloji bir formasiyanı çəkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, elmi ictimaiyyətin "Ararat Anomaliyası" adlandırdığı bir ərazini fotoşəkil çəkdi”. Bu fikirlər də sözügedən qəzetdə əks olunub.
“Milliyət” qəzetində erməni barmağı? Nə üçün Ağrı dağını “Ararat” adlandırırlar?
Ekspertlər qeyd edir ki, Türkiyə rəsmi qurumları və daxili mətbuatı bu zirvə üçün türk dilində qədimdən bəri işlənən Ağrı Dağı adını istifadə edir.
Amma çox təəssüf ki, Qərb dairələrində və dünya coğrafiyasında dağın adı saxtakatlıqla “Ararat” kimi qələmə verilir.
Bəzi ekspertlər qeyd edir ki, erməni təbliğatı nəticəsində Bibliyada (Tövratda) Nuhun gəmisinin oturduğu yer kimi keçən Ağrı dağı “Ararat” adı beynəlxalq sənədli filmlərdə və ya dini-tarixi məqalələrdə ortaq termin kimi ortaya atılır.
Ağrı dağının “Ararat” adı altında intensiv şəkildə vurğulanması daha çox erməni diasporu və ya Qərb mediası tərəfindən aparılan kampaniyanın tərkib hissəsidir.
Ekspertlər hesab edirlər ki, bu gün Türkiyə mediasında da bəzi erməniyanlıların olması istisna deyil.
Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, bu olduqca təəccüblü görübür.
“Fikrimcə, bu ya texniki səhvdir, ya da təxribatdır. Çünki illərdir ki, bu uydurma addan istifadə tənqid olunur. Hətta Ermənistanın dövlət gerbində Ağrı dağının olmasına Türkiyə daim etiraz edib. Ermənistanın yeni hakimiyyəti tərəfindən o məsələ həll olunmaq üzrədir. “Milliyət” qəzetində bu cür səhvin getməsi təəssüf doğurur”-deyə M.Zülfüqarlı qeyd etdi.
M.Zülfüqarlının sözlərinə görə, arxeoloqların belə bir iddia ilə çıxış etməsi məsələsi çox aktualdır. “Mən özüm keçən əsrin 80-ci illərində qısa müddətdə də olsa Şabran şəhərində həyata keçirilən arxeoloji qazıntı prosesində iştirak etmişəm. Rast gəldiyim bir məsələni deyim. Orada kiçik bir zirzəmi çıxan kimi bizim şöbə müdiri dedi ki, bura zirzəmi olub, Xaqani Şirvani burada “Həbsiyyə”ni yazıb. Belə bir mənbəyi olmayan fikir söylədi və bu da mətbuatda yayıldı. Yəni belə qeyri-ciddi fikirlər də olur. Qayıdaq Nuhun gəmisi ilə bağlı məsələyə. Nuhun gəmisinin Naxçıvanda tapılması ilə bağlı kitablar, məqalələr yazılıb. Hətta buna görə bəziləri elmi adda alıb. Bu da ehtimallardan biridir. Buna inanmaq da, inanmamaq da olar. Bunu iddia edənlərin özləri də ehtimallar irəli sürürlər. Çünki insanların müxtəlif əqidəsi var. Eləsi var dinə inanmır, belələri Nuhun gəmisinin olmasını əfsanə hesab edir. Ona görə də, Türkiyədə Nuhun gəmisinin qalıqlarının olması birmənalı qarşılanmır. Mənə elə gəlir ki, bu sensassiya naminə ortaya atılmış iddialardır. Bəlkə də iki aydan sonra onlar başqa söz deyəcəklər...”-deyə M.Zülfüqarlı bildirdi.
İradə SARIYEVA