İranla müharibənin başlamasından altı ay sonra Fars körfəzində içərisində təxminən 6000 dənizçinin olduğu 400 gəminin hələ də bölgədə qaldığı bildirilir.
Beynəlxalq Dəniz Təşkilatı (IMO) minlərlə heyət üzvünün yüksək risk altında qaldığı barədə xəbərdarlıq edib. Təşkilatının baş katibi Arsenio Dominqea bildirib ki, bəzi gəmilər və onların heyətləri regionu təhlükəsiz şəkildə tərk etməyi bacarsa da, münaqişə başlayandan bəri içərisində təxminən 6000 dənizçinin olduğu 400-ə qədər gəmi ərazini tərk edə bilməyib.
Təşkilatın məlumatına görə, Körfəz müharibəsi və Hörmüz boğazının bağlanmasından bəri beynəlxalq gəmiçiliyə qarşı 70 hücum qeydə alınıb və nəticədə 19 dənizçi həlak olub.
Dominqes qeyd edib ki, Fars körfəzində və dünyanın digər bölgələrində gəmiçilik təhlükəsizliyi vəziyyətinin pisləşməsi bütün dəniz nəqliyyatı iştirakçıları üçün təhlükə yaradır, lakin vəziyyət münaqişə zonasında qalan minlərlə dənizçi üçün xüsusilə ağır olaraq qalır.
Hörmüz boğazı ABŞ-la İran arasındakı qarşıdurmada əsas nöqtədir. Müharibədən əvvəl beynəlxalq gəmiçilik üçün açıq olub.
ABŞ eyni zamanda İrana qarşı dəniz əməliyyatı keçirir. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, blokadanın bir hissəsi olaraq, Amerika qüvvələri artıq 82 ticarət gəmisinin istiqamətini dəyişib, üç gəmini sıradan çıxarıb və daha iki gəmiyə desant endirib.
ABŞ prezidenti Donald Tramp əvvəllər Hörmüz boğazının minalardan təmizləndiyini, tamamilə açıq olduğunu və Amerika qüvvələri tərəfindən 100% nəzarət edildiyini iddia etmişdi. Lakin İsrail təhlükəsizlik və kəşfiyyat üzrə mütəxəssisi Denni Sitrinoviç bu iddianı şübhə altına almışdı. Onun sözlərinə görə, tankerlərin gecələr transponderləri söndürülmüş və Amerika ordusunun mühafizəsi altında boğazdan keçməsi hələ boğaz üzərində tam nəzarət və ya müharibədən əvvəlki vəziyyətə qayıtmaq demək deyil.
Tahir TAĞIYEV