ABŞ prezidenti Donald Trampın Kanada avtomobil idxalına təklif etdiyi tarifi 1 yanvar tarixindən qüvvəyə minərsə, “Toyota” və “Honda” Kanadadakı bəzi istehsal xətlərini bağlaya bilər.
“Reuters” analitiklərə istinadən bildirir ki, Tramp Kanadadan avtomobil idxalına 50 faizlik tarif tətbiq etmək təklifi ilə Ottavanı hədəfə alıb, lakin bu Yaponiyanın “Toyota” və “Honda” şirkətlərinə ciddi təsir edə bilər: “Əgər tariflər təklif olunduğu kimi 1 yanvar tarixindən qüvvəyə minərsə, onlar bəzi istehsal xətlərini bağlamalı ola bilərlər".
Ötən həftə Tramp ABŞ-ın Kanada avtomobillərinə, avtomobil hissələrinə və poladına tarifləri 1 yanvar 2027-ci il tarixindən etibarən 50%-ə qaldıracağını açıqlayıb. Bu addım ticarət danışıqlarının pozulmasından sonra atılıb. Bundan sonra Kanadanın Baş naziri Mark Karni cavab tariflərinin 8 sentyabr tarixindən etibarən tətbiq olunacağını elan edib.
“Reuters” xəbər verir ki, Kanadada istehsal olunan bütün nəqliyyat vasitələrinin dörddə üçündən çoxu “Toyota” və “Honda”nın payına düşür. Barclays analitiklərinin fikrincə, Kanada istehsalı olan nəqliyyat vasitələri ötən il “Honda” satışlarının təxminən dörddə birini və ABŞ-da Toyota satışlarının 17%-ni təşkil edib ki, bu da digər iri avtomobil istehsalçılarından daha çoxdur.
Tahir TAĞIYEV