Hörmüz boğazı ətrafında ABŞ və İran arasında yeni toqquşmalar fonunda, İordaniyadakı Amerika bazalarına hücum və Vaşinqtonun Larak adasına qarşı əməliyyatı bölgədəki gərginliyi pik həddə çatdırıb.
İranın İordaniyadakı Amerika qüvvələrinə hücumuna münasibət bildirən ABŞ prezidenti Tramp hücuma cavab veriləcəyini bildirib: "Bu gecə İranın İordaniyadakı Amerika qüvvələrinə hücumuna cavab verəcəyik".
ABŞ Mərkəzi Komandanlığı bazar günü İnqilab Keşikçilərinin Hörmüz boğazı ətrafında hərəkətliliyini aşkar etdikdən sonra məhdud və dəqiq əməliyyat keçirib. İranın əsas neft limanı olan Bəndər Abbas yaxınlığındakı kiçik Larak adasındakı raket buraxılış məntəqələri hədəfə alınıb. İRNA-nın məlumatına görə, hücum nəticəsində iki nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Hadisədən dərhal sonra İran İordaniyadakı ABŞ bazalarına ən azı səkkiz ballistik raket ataraq cavab verib. Amerikalı bir rəsmi raketlərin əksəriyyətinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu və qalanlarının heç bir təhlükə yaratmadığını bildirib.
Tramp Fox News-a danışarkən hücumlara çox sərt cavab veriləcəyini bildirib: "Bu gecə onlara sərt zərbələr endirəcəyik".
Daha sonra Truth Social hesabı vasitəsilə açıqlamalarını sərtləşdirən Tramp İranı "uğursuz dövlət" adlandırıb: "Öldürün. Onların nə donanması, nə hava qüvvələri, nə valyutası var, əsgərlərinə və ya polislərinə maaş vermirlər, inflyasiya 300 faizdir və liderlikləri tamamilə dağınıq vəziyyətdədir".
Tramp həmçinin İran rejiminin etirazlarda 100 mindən çox insanın ölümünə səbəb olduğunu iddia edib və onların insanlığa qarşı müharibə cinayətlərinə görə mühakimə olunmasına çağırıb.
Bu arada, Trampın Xark adasında baş verən partlayışları göstərən süni intellekt tərəfindən yaradılan video paylaşması diqqət çəkib, Amerika rəsmiləri isə Xarkın hədəf alınmadığını təsdiqləyiblər.
İran rəsmiləri “Reuters” agentliyinə bildiriblər ki, Tehran ABŞ-ın hücumuna "daha böyük cavab" verəcək.
Tahir TAĞIYEV