ABŞ Prezidenti Donald Trampın imzaladığı icra fərmanından sonra Google öz xəritələrində Ontario gölünün adının dəyişdirildiyini elan edib və bununla bağlı mətbuat açıqlaması yayıb. "Amerika Birləşmiş Ştatları Coğrafi Adlar Sistemi (GNIS) rəsmi olaraq ABŞ-da Ontario gölünün adını Amerika gölü olaraq dəyişdirdi. Rəsmi hökumət mənbələrində ad dəyişikliklərini əks etdirmək üçün Google Xəritələrini yenilədiyimizdən, ABŞ-dakı xəritə istifadəçiləri "Amerika gölü" adını, Kanadadakı istifadəçilər "Ontario gölü" adını görməyə davam edəcək, ABŞ və Kanadadan kənar istifadəçilər isə hər iki adı görə biləcək. Bu yeniləmələr ölkələrə görə dəyişən və hazırda tətbiq olunan su hövzələri ilə bağlı siyasətimizə uyğundur", - bəyanatda bildirilir. Tramp Ontario gölünün adını Amerika gölünə dəyişmək niyyətini ötən həftə açıqlamışdı. Bu açıqlama iki ölkə arasında ticarət münasibətlərinin pisləşməsindən sonra, Kanadanın Baş naziri Mark Karni ABŞ-a qarşı "dollar qarşılığında" cavab tarifləri tətbiq edəcəyini açıqladıqdan sonra gəlib. Cavabında isə Donald Tramp Kanadanın siyasətini uğursuz, Baş nazir Mark Karni və Ontario Baş naziri Duq Ford da daxil olmaqla ölkə rəhbərliyini səriştəsiz adlandırıb. 27 avqustda Ağ Evdən yayımlanan verilişdə Tramp okeanlardan birinin adını dəyişdirmək niyyətində olduğunu açıqlayıb. Elə həmin gün Tramp ABŞ-da Ontario gölünün adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb. "Ontario" adının 400 ildən çox yaşı olduğunu bildirən Karni isə qeyd edib ki, bu ad Kanada Konfederasiyasının yaranmasından və ABŞ-ın Müstəqillik Bəyannaməsindən çox əvvəl mövcud olub.
SAMİRƏ