Elşad Həsənov: “Güman edirəm ki, ilin sonuna qədər Ermənistanın Aİİ-dən xaric edilməsi ehtimalı böyükdür”
Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov xəbərdarlıq edib ki, Ermənistanın Avropa İttifaqı məsələsi necəsə həll edilməlidir və bu, sentyabrın 1-də Bişkekdə Putinlə Paşinyan arasında müzakirə ediləcək:
“Paşinyanla danışıqlar olacaq. Ermənistandakı seçkidən sonra liderlərimiz artıq təmasda olub. Təxminən aydındır ki, nə müzakirə ediləcək. Biz israr edirik ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqdan fayda götürüb eyni anda Avropa İttifaqı üzvlüyünə iddia edə bilməz. Bu məsələ necəsə həll edilməlidir”.
O, həmçinin Kremlin Ermənistan müxalifətindəki kütləvi həbslərdən narahat olduğunu bildirib. Bununla yanaşı, Uşakov eyham vurub ki, danışıqlar Rusiya ilə münasibətlərin möhkəmlənməsini dəstəkləyən liderlərin həbsi fonunda baş tutacaq.
Belə görünür ki, Putin-Paşinyan görüşü gərgin keçəcək və Rusiya prezidenti sadalanan məsələlərlə bağlı qarşı tərəfdən qəti mövqe ortaya qoymasını istəyəcək.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, artıq Ermənistanın Aİİ ilə Aİ arasında seçim etməsi qaçılmaz bir reallığa çevrilir: “Çünki bunu Ermənistan istəməsə də, Rusiya bunda qərarlıdır. Yəni Ermənistan iki yoldan birini seçməlidir. Ya Aİİ-nin, ya da Aİ-nin seçilməsi İrəvan qarşısında qətiyyətlə qoyulub. Ancaq məsələ ondadır ki, son illərdə Ermənistan Aİİ-dən əhəmiyyətli şəkildə yararlanıb. Üstəlik, Ermənistan Rusiyanın sanksiyalardan yayınmasında milyardlar qazanıb. Təsadüfü deyil ki, 2024-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 12 milyard dollar olub. Bu, Ermənistan üçün görünməmiş bir üstünlük idi. Məsələnin diqqət çəkən tərəfi odur ki, Qərb Ermənistanın sanksiyalardan yayındığını bilə-bilə bunu görməzdən gəldi. Fikrimcə, Bişkekdə Putin qəti olaraq Paşinyanı seçim qarşısında qoyacaq. Ancaq son məqamda Paşinyan Avropa İttifaqını seçəcək. Düzdür, bu, o demək deyil ki, yaxın illərdə Ermənistan Avropa İttifaqının üzvü olacaq. Sadəcə, Ermənistan hakimiyyətinin seçimi, götürdüyü kurs ortadadır. Putin imkan verməz ki, Ermənistan Aİİ-nin imkanlarından faydalanaraq paralel şəkildə Avrointeqrasiya kursunu davam etdirsin. Güman edirəm ki, ilin sonuna qədər Ermənistanın Aİİ-dən xaric edilməsi ehtimalı böyükdür. Hər halda Putin bunu qəti şəkildə Paşinyanın diqqətinə çatdıracaq. Moskvanın Paşinyana əlavə limit tanıması real görünmür. Çünki hər şey ortadadır. Bardağı daşıran həm də Ermənistanda Rusiyanın maraqlarından çıxış edən siyasi fiqurların həbsə atılmasıdır. O üzdən, Bişkek görüşü çox gərgin keçəcək”.
Vidadi ORDAHALLI