Şimali Kipr Türk Respublikasının (ŞKTR) İctimai İşlər və Nəqliyyat naziri Erhan Arıklı, 267 sərnişin daşıyan bərənin Girne sahillərindən 4 mil aralıda su aldıqdan sonra batdığını, xilasetmə işlərinin tam sürətlə davam etdiyini açıqlayıb.
TRT Haber -ə danışan Arıklı, Girnedən Mersin Taşucuya yola düşən katamaran tipli sərnişin gəmisinin sahildən 4 mil məsafədə su almağa başladığını bildirib. Hadisə barədə məlumat verildikdən sonra qrupların dərhal hadisə yerinə gəldiyini qeyd edən Arıklı gəminin hazırda çevrildiyini bildirib. Nazir Arıklı xilasetmə işlərinə çoxsaylı bölmələrin dəstək verdiyini vurğulayıb: “Hazırda Sahil Mühafizəsinin qayıqları, bir helikopter, ərazidəki mülki qayıqlar və gəmilər xilasetmə işlərinə kömək edir. Sərnişinlər gəmidən endirilərək daha təhlükəsiz yerlərə köçürülür. Limanda təcili yardım maşınları da hazırlamışıq və sərnişinlərin sahilə çıxarılmasını gözləyirik”.
ŞKTR Baş naziri Ünal Üstel ölənlərin olduğunu və xilasetmə işləri üçün bütün mövcud resursların səfərbər olunduğunu bildirib. Üstel əlavə edib ki, batmış sərnişin gəmisindən 172 nəfər xilas edilib, 6 nəfər isə həyatını itirib.
Nazir Arıklı qəzanın səbəbi ilə bağlı hələlik qəti məlumat olmadığını bildirsə də, ərazidəki dəniz şəraitinin olduqca ağır olduğunu qeyd edib.
Son məlumatlara görə, ölü sayısı 7-ə çatıb, 23 nəfər itkin düşüb.
Tahir TAĞIYEV