İran ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz təyyarəsini vurduğunu açıqlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) MQ-9 pilotsuz təyyarəsinin Hörmüz boğazı üzərində SEPAH-ın müasir hava hücumundan müdafiə sistemlərinin raketlərilə vurulduğunu bildirib.
ABŞ-a məxsus hərbi pilotsuz təyyarənin vurulduqdan sonra Fars körfəzinə düşdüyü bildirilir.
Qeyd edək ki, ABŞ dünən gecə Hörmüz boğazı yaxınlığındakı Lark adasına iki hücum təşkil edib. İnqilab Keşikçiləri Korpusu cavab olaraq, ABŞ qüvvələri tərəfindən istifadə edilən İordaniyadakı Müvəffəq Salti və Kral Hüseyn hava bazalarına ballistik raketlərlə zərbələr endirdiyini açıqlayıb.
“The Washington Post” qəzeti 13 avqustda ABŞ-ın İranla potensial müharibə zamanı, xüsusən də Hörmüz boğazı ətrafında geniş istifadə etdiyi ən azı 45 MQ-9 Reaper dronunu itirdiyini bildirib. ABŞ rəsmilərinə istinadən verilən xəbərə görə, bu miqdar MQ-9 Reaper donanmasının təxminən 25 faizini təşkil edir.
Tahir TAĞIYEV