Polşada Ukrayna və Polşa orduları üçün dronlar istehsal edən şirkətə məxsus zavodda yanğın baş verib. Yanğın başlamazdan bir müddət əvvəl müşahidə kameraları şirkətin ərazisində balaklava taxan naməlum şəxsin görüntülərini çəkib.
Yanğın avqustun 30-dan 31-nə keçən gecə baş verib. Hadisə, Polşa və Ukrayna orduları, eləcə də uçuş dispetçerləri üçün hərbi dronlar istehsal edən Varşava ilə Krakov arasında, Skarjisko-Kamienna şəhərindəki WB Electronics zavodunda baş verib.
Yanğın istehsal və anbar binasını əhatə edib. Polis bildirib ki, hadisə zamanı zavod fəaliyyət göstərmirmiş və heç kim xəsarət almayıb. Zərərin dəqiq miqyası araşdırılır.
Eyni zamanda, yanğından əvvəl obyekti izləmək vəzifəsi daşıyan təhlükəsizlik şirkətinin operatoru sensorlar işə düşdükdən sonra polisə xəbər verib ki, bu da icazəsiz obyektə müdaxiləyə işarə edir. Hüquq-mühafizə orqanları qəsdən yandırma ehtimalını istisna etmir. Məlumata görə, müşahidə kameraları şirkətin ərazisinə hasarın üzərindən balaklava taxan naməlum şəxsin daxil olduğunu qeydə alıb. Daha sonra fabrikin yaxınlığında tərk edilmiş bir çanta və uzunqol köynək tapılıb.
Hadisə ilə bağlı Daxili Təhlükəsizlik Agentliyi və hərbi əks-kəşfiyyat xidməti məlumatlandırılıb və polis araşdırmaya başlayıb.
Yanğınsöndürmə xidməti yanğının nisbətən kiçik olduğunu və iki saat ərzində söndürüldüyünü bildirib. Daha sonra Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları hadisə yerinə gəldilər.
"Bu kimi yanğınlar zamanı xüsusi xidmət orqanları öz vəzifələrini yerinə yetirməlidirlər. Biz bu vəziyyəti çox ciddi qəbul edirik... Bu barədə hər hansı bir dezinformasiya yaymaq meylinə qarşı xəbərdarlıq edirik. Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları təxribatdan danışmaq üçün əsasların olub-olmadığını müəyyən etmək üçün diqqətlə işləyirlər", - xüsusi xidmətlər üzrə nazir-koordinatorun sözçüsü Yaçek Dobrzinski bildirib.
WB Electronics Polşanın ən böyük özəl silah şirkəti olan WB Qrupunun bir hissəsidir. Zədələnmiş zavod dronlar üçün kompozit konstruksiyalar və idarəetmə sistemləri istehsal edir. Bu, Ukraynaya silah tədarükü ilə məşğul olan Avropa müəssisələrində bir ay ərzində baş verən beşinci hadisədir. Bundan əvvəl, avqust ayında İtaliyanın Kolleferro şəhərindəki KNDS Ammo Italy zavodunda partlayış baş vermiş, Bolqarıstanın EMCO silah fabrikində isə yanğın baş vermişdi. Tallində Estoniyanın hərbi robototexnika istehsalçısı Milrem Robotics şirkətinin binası yandırılıb və hakimiyyət orqanları Rusiyadan şübhələnir. Bundan əlavə, Slovakiyada Ukrayna şirkətinin Skyeton şirkətinin Raybird dron istehsalı zavodunda qəsdən yandırma cəhdinin qarşısı alınıb.
Tahir TAĞIYEV