Ermənistan Qazaxıstan və Qırğızıstanın Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirməsi nəzərdə tutulan Zəngəzur dəhlizi layihəsində səhmdarlar olmasını təklif edib.
İrəvanın təklifinə görə, Qazaxıstan və Qırğızıstan ABŞ-la birgə layihədə Ermənistanın payının 5 faizini ala bilər. Əvvəlcə Ermənistan TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) kimi tanınan layihənin 26 faizinə sahib olacaqdı.
Bildirilir ki, məsələ Ermənistanın Baş naziri Nikol Paşinyanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı zamanı müzakirə olunub.
Təklif reallaşarsa, Qazaxıstan və Qırğızıstan təkcə yeni nəqliyyat marşrutunun iştirakçıları deyil, həm də səhmdarları ola bilərlər.
Söhbət zamanı Paşinyan və Tokayev Ermənistanın dəmir yollarının nəzarətinin Qazaxıstana verilməsi imkanlarını da müzakirə ediblər. Telefon danışığından sonra Tokayev oktyabr ayında Ermənistana rəsmi səfər etmək niyyətini təsdiqləyib.
Qırğızıstanın layihədə potensial iştirakı, ilk növbədə, Avrasiya daxilində nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsi baxımından maraq doğurur. Lakin Qırğızıstanın layihədə səhmdar olmaq barədə razılığı ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Zəngəzur dəhlizi layihəsi ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilir və Ermənistan ərazisindən keçən və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur.
Bu marşrut Fars körfəzi ilə Qara dəniz ölkələri arasında dəmir yolu əlaqələrini aça biləcək daha geniş nəqliyyat şəbəkəsinin bir hissəsi kimi qəbul edilir. Layihə, infrastrukturu 99 ilə qədər idarə etmək üçün müstəsna hüquqa malik olacaq Amerika şirkəti tərəfindən həyata keçiriləcək.
Tahir TAĞIYEV