8 avqust 2025-ci il Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Həmin gün Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ lideri Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən görüş uzun illər davam etmiş Azərbaycan–Ermənistan qarşıdurmasının siyasi müstəvidə yeni mərhələyə keçməsi baxımından böyük əhəmiyyət qazandı. Görüşün birinci ildönümündə bu hadisəyə yalnız diplomatik tədbir kimi deyil, regionun gələcək təhlükəsizlik, nəqliyyat və iqtisadi arxitekturasına təsir edə biləcək strateji prosesin başlanğıcı kimi yanaşmaq mümkündür.
Vaşinqton görüşünün ən mühüm nəticəsi Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin praflanması oldu. Birgə Bəyannaməyə əsasən, tərəflər sazişin imzalanması və sonrakı ratifikasiyası üçün əlavə addımların atılmasının vacibliyini təsdiqlədilər. Bu məqam xüsusilə vacibdir: 8 avqust 2025-ci il tarixində yekun sülh sazişinin özü deyil, onun razılaşdırılmış mətninin paraflanması və sülh prosesinin siyasi çərçivəsini müəyyən edən Birgə Bəyannamə imzalanmışdı. Görüşün digər mühüm nəticəsi uzun illər regiondakı münaqişənin beynəlxalq diplomatik mexanizmlərindən biri olmuş ATƏT-in Minsk prosesi ilə bağlı yeni mərhələnin başlanması idi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasına dair birgə müraciət imzaladılar. Bunun siyasi mənası ondan ibarət idi ki, tərəflər artıq keçmiş münaqişənin idarə olunması deyil, post-münaqişə dövrünün normallaşması və sülh münasibətlərinin qurulması istiqamətinə keçid etdiklərini nümayiş etdirdilər. 8 avqust görüşünün Azərbaycan üçün əhəmiyyəti bir neçə istiqamətdə qiymətləndirilə bilər. İlk növbədə, görüş Azərbaycanın regionda yeni reallıqların formalaşmasından sonra sülh gündəliyini siyasi və diplomatik müstəvidə möhkəmləndirməsinə imkan verdi. Birgə Bəyannamədə dövlətlərin ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və gücdən istifadə etməklə ərazi əldə edilməsinin yolverilməzliyi kimi prinsiplərin vurğulanması Azərbaycanın uzun müddətdir irəli sürdüyü yanaşmalar baxımından xüsusi əhəmiyyət daşıyırdı. ABŞ baxımından isə Vaşinqton görüşü Cənubi Qafqazda diplomatik və geosiyasi iştirakın gücləndirilməsi demək idi. Ağ Ev görüşü tarixi sülh təşəbbüsü kimi təqdim etdi və Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlıqla yanaşı, ticarət, tranzit, enerji, infrastruktur və texnologiya sahələrində ABŞ üçün yeni imkanların yarandığını bildirdi. Beləliklə, Vaşinqtonun rolu yalnız siyasi vasitəçiliklə məhdudlaşmadı; ABŞ regionun gələcək iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasında da daha fəal mövqeyə keçdi.
Görüşün ən diqqətçəkən istiqamətlərindən biri regional kommunikasiyaların açılması məsələsi idi. Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz əlaqənin yaradılması ideyası və “Trump Route for International Peace and Prosperity” – TRIPP layihəsinin inkişaf etdirilməsi nəzərdə tutuldu. Bu layihə reallaşacağı təqdirdə Azərbaycanı Naxçıvan və Türkiyə istiqamətində daha əlverişli nəqliyyat bağlantıları ilə təmin etməklə yanaşı, Cənubi Qafqazın Şərq–Qərb nəqliyyat marşrutlarındakı rolunu da gücləndirəcək. Bir il sonra bu məsələ öz aktuallığını qoruyur. 2026-cı ilin iyulunda “Reuters”ə danışan Azərbaycanın yüksək vəzifəli rəsmisi iki ölkə arasında faktiki olaraq “real sülh” şəraitinin yarandığını, birbaşa əlaqələrin və ticarət münasibətlərinin inkişaf etdiyini bildirib. Eyni zamanda, yekun sülh sazişinin imzalanması qarşısında Ermənistan konstitusiyası ilə bağlı məsələnin hələ də Azərbaycanın gündəmində olduğu qeyd edilib. TRIPP layihəsi üzrə də irəliləyiş gözləntilərinin olduğu bildirilib. Bu fakt göstərir ki, 8 avqustun əhəmiyyəti yalnız həmin gün imzalanmış sənədlərlə ölçülə bilməz. Onun əsas dəyəri proses yaratmasındadır. Sülhün davamlı olması üçün siyasi razılaşmalarla yanaşı, sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat və iqtisadi əlaqələrin bərpası, qarşılıqlı etimadın möhkəmləndirilməsi və cəmiyyətlər arasında düşmənçilik ritorikasının azalması vacibdir. Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin uğuru bütövlükdə Cənubi Qafqazın gələcəyinə təsir edə bilər. Uzunmüddətli sülh regionda yeni dəmir yollarının, avtomobil magistrallarının, enerji və logistika layihələrinin inkişafına şərait yarada bilər. Azərbaycan üçün bu, Naxçıvanla daha sıx bağlantı və Avropa ilə Asiya arasındakı tranzit imkanlarının genişlənməsi deməkdir. Ermənistan üçün isə regional kommunikasiyaların açılması iqtisadi əlaqələrin genişləndirilməsi və yeni investisiya imkanlarının yaranmasına xidmət edə bilər. Bu gün əsas məsələ 8 avqustda yaradılmış siyasi imkanların davamlı və hüquqi baxımdan möhkəm sülhə çevrilməsidir. Əgər tərəflər əldə olunmuş razılaşmaları ardıcıl şəkildə həyata keçirə bilsələr, Vaşinqton görüşü təkcə bir diplomatik hadisə kimi deyil, Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq dövrünün başlanğıcı kimi tarixə düşə bilər.
Tahir TAĞIYEV