Azərbaycan-Ukrayna yaxınlaşması Moskvanı niyə narahat edir?
Azərbaycanın Ukrayna ilə münasibətlərində “strateji tərəfdaşlıq” ifadəsini açıq şəkildə ön plana çıxarması və son dövrdə Kiyevlə diplomatik təmaslarını intensivləşdirməsi regiondakı geosiyasi proseslərin diqqət mərkəzinə çevrilib. Bu fəallıq Rusiyada da müəyyən narahatlıq doğurur. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Aleksey Çepanın Azərbaycanın gələcəkdə Ukrayna məsələsində mövqeyini dəyişə biləcəyi barədə açıqlaması da məhz bu kontekstdə diqqət çəkir.
Lakin Bakının Ukrayna siyasətində baş verənləri yalnız Rusiyadan uzaqlaşma kimi qiymətləndirmək doğru olmaz. Azərbaycan uzun müddətdir həm Rusiya, həm Ukrayna, həm də digər regional və qlobal güclərlə paralel münasibətlər qurmağa çalışan balanslaşdırılmış xarici siyasət həyata keçirir. Xarici işlər naziri Ceyhun Bayramovun Kiyevdən əvvəl Moskvada səfərdə olması da bu siyasətin birtərəfli istiqamətə yönəlmədiyini göstərən mühüm məqamdır.
Bununla belə, Bakı ilə Kiyev arasında son təmasların siyasi və simvolik tərəfi əvvəlki dövrlərlə müqayisədə daha çox diqqət çəkir. Bayramovun Ukraynanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha vurğulaması, Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin xatirəsinə ucaldılmış abidə önünə gül qoyması və Ukrayna pilotsuz uçuş aparatları sərgisi ilə tanış olması Moskva üçün sadəcə diplomatik protokol hadisələri kimi qəbul edilməyə bilər.
Burada əsas məsələ Azərbaycanın Ukraynaya silah verib-verməməsi deyil. Çepanın özü də Bakının Ukraynaya silah tədarükçüsünə çevriləcəyini gözləmədiyini bildirir. Moskvanın narahatlığı daha çox siyasi və simvolik xarakter daşıyır. Çünki Azərbaycan kimi Rusiya ilə uzun illər ərzində sıx siyasi, iqtisadi və təhlükəsizlik əlaqələri saxlayan bir ölkənin Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə müdafiə etməsi Kremlin postsovet məkanında təsir imkanları barədə yaratmaq istədiyi siyasi təsəvvürlə tam üst-üstə düşmür.
Üstəlik, bu proses daha geniş regional mənzərənin fonunda baş verir. Ermənistanın Rusiya ilə münasibətlərində ciddi gərginlik yaranıb, Qazaxıstan Moskvanın müəyyən siyasətlərinə əvvəlki kimi ehtiyatlı yanaşmayan mövqelər nümayiş etdirir. Belə şəraitdə Azərbaycanın da Ukrayna ilə siyasi təmaslarını gücləndirməsi Moskva tərəfindən postsovet məkanında Rusiyanın təsirinin zəifləməsi tendensiyasının bir hissəsi kimi qəbul edilə bilər.
Lakin Azərbaycan üçün Ukrayna ilə münasibətlərin inkişafı yalnız Rusiya amili ilə izah edilə bilməz. Bakı-Kiyev əlaqələrinin enerji, nəqliyyat, kənd təsərrüfatı, investisiya və regional təhlükəsizlik kimi bir sıra istiqamətlərdə qarşılıqlı maraq doğuran tərəfləri mövcuddur. Buna görə Azərbaycanın Ukrayna ilə əlaqələri inkişaf etdirməsi öz xarici siyasətinin çoxvektorlu xarakterinə uyğundur.
Moskvanın narahatlığı isə Bakının bu siyasətinin hansı həddə qədər inkişaf edəcəyindən asılı olacaq. Əgər münasibətlər diplomatik, iqtisadi və humanitar əməkdaşlıq çərçivəsində qalarsa, bu, Azərbaycan üçün balanslaşdırılmış xarici siyasətin davamı kimi qiymətləndirilə bilər.
Dəniz NƏSİRLİ