İbrahim Rüstəmli: “Bu ölkələr sırasında birinci yeri Rusiya tutur”
Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə müxtəlif ölkələr tərəfindən vaxtilə Ermənistana pulsuz silah verilməsindən danışıb. Azərbaycan Prezidenti bildirib:
“...Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İİkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın”.
Prezidentin Kəlbəcərdə söylədiyi fikirlər tam təsdiq edir ki, bu silahları Ermənistana verən ölkələr onu gücləndirmək, silahlandırmaq, Azərbaycan torpaqlarını müddətsiz işğalda saxlamasına dəstək vermək məqsədi güdüblər. Niyyətləri Azərbaycan torpaqlarının işğaldan azad olunması olmayıb.
Maraqlıdır, bu silahlar əsasən hansı dövlətə aiddir? Bu silahları Ermənistana kim hansı şərtlərlə verib? Əsasən hansı ölkələrdən alınıblar?
“Ermənistanı silahlandıran əsas ölkələr sırasında Rusiyanın, Fransanın və Hindistanın adını çəkmək olar”
Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistana silah verən, silah göndərən ölkələr sırasında birinci yeri Rusiya tutur. “Ümumiyyətlə, bizim təcrübədə Ermənistana silah verən ölkələrin siyahısı aydın şəkildə öz ifadəsini tapıb. Yəni bu ölkələr sırasında birinci yeri Rusiya tutur. Rusiya dəfələrlə Ermənistana təmənnasız olaraq silahlar verib. Yəni Rusiya Ermənistana silah satmayıb, bağışlayıb. Birinci Qarabağ müharibəsində də torpaqlarımızın işğalı prosesində Rusiya həm dolayısı ilə, həm də birbaşa iştirak edib, həm canlı qüvvəsi, həm də texnikası ilə Ermənistana dəstək verib”.
İ.Rüstəmlinin fikrincə, bu gün bölgədə - Cənubi Qafqazda Ermənistanı dəstəkləyən ölkələr var, bu təkcə Rusiya deyil, müəyyən sırada İranı da görürdük. İ.Rüstəmli qeyd etdi ki, Məsud Pezeşkianın prezident seçilməsi bu məsələnin aktivliyini bir qədər azaldıb. “Ermənistana silah-sursat satan, Ermənistanı silahlandıran ölkələrdən biri də Hindistandır. Burda Fransanı da qeyd etməliyik. Fransa Ermənistana Azərbaycana müxalif bir dövlət kimi silah göndərir.
Gəlin belə danışaq, tutalım, Azərbaycanın dünyanın 30-dan çox ölkəsi ilə bir-iki, daha çoxtərəfli hərbi əlaqələri var. Düzdümü? Bu ölkələrin sırasında Ermənistana silah satan ölkələr də var. Bu sırf silah ixracı, silah ticarəti ilə bağlı məsələdir. Amma biri də var, Ermənistanın mövqeyini dəstəkləyən və ona silah verən ölkələr. Qısa dövr üçün analiz etsək, birinci yeri Rusiya tuturdusa ikinci yeri Fransa tuturdu. Fransa Ermənistana çoxlu sayda silah ixrac edib. Hindistan da həmçinin. Deməzdim ki, İran da Ermənistana silah ixrac edib. Çünki o barədə ətraflı bilgim yoxdur, amma bu sırada İranın da olması ehtimalı çox böyükdür. Çünki İran həmin dövrlərdə Ermənistanla dostluq, müttəfiqlik şəraitində yaşayırdı. Yəni cənab Prezidentin qeyd etdiyi silahlar əsasən Rusiyaya məxsusdur. Daha sonra bu silahların istehsalçıları və pay verənləri siyahısında Fransa və Hindistan gəlir. Ermənistanı silahlandıran əsas ölkələr sırasında Rusiyanın, Fransanın və Hindistanın adını çəkmək olar. Bu ölkələrin də Ermənistana silah verməsi onların bütün mənalarda o ölkəni dəstəkləməsindən irəli gəlib”.
Hazırda vəziyyətin xeyli dəyişdiyini deyən ekspert bildirdi ki, Rusiya yenidən öz monopolyasını Ermənistanda bərpa etmək üçün çox böyük cəhdlər göstərir, orda bu yöndə işlər aparılır, lakin indiki dövrdə vəziyyətin düzələcəyini güman etmək çox çətindir. “Çünki Rusiya-Ermənistan əlaqələri kəskin şəkildə fiaskoya uğrayıb. Yenidən bərpası uzun müddət çəkə bilər. Amma bu o demək deyil ki, Rusiya Ermənistanın üzərindən əlini çəkib. Xeyr. Yenidən müraciət olunarsa Rusiya yenidən Ermənistana silah verəcək. Ona görə ki, Cənubi Qafqazı qarışdırmaq, Cənubi Qafqazı müharibə vəziyyətində saxlamaq Rusiyanın əsas prioritetlərindəndir”-deyə İ.Rüstəmli qeyd etdi.
İradə SARIYEVA