Ramil Məmmədli: “ABŞ-ın mövcudluğunun güclənməsi Tehranla əlaqələrin zəifləməsinə səbəb ola bilər”
Məlum olduğu kimi, İran prezidenti Məsud Pezeşkian Ermənistanda səfərdə olub. Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair sazişin bağlanmasından sonra baş tutan səfərin konteksti, hətta səs-küylü bəyanatlar olmadan da nəzərə çarpırdı.
İran ətrafında gərgin regional dinamika davam edir və İrəvan və Bakı İranın geosiyasi rəqibi olan ABŞ-ın iştirakı ilə müharibədən sonrakı nizamlanma üçün sabit arxitektura axtarışındadır.
Diqqəti çəkən məqam odur ki, bu arada Ermənistan və İran strateji saziş imzalamaq üzərində işləyir. Hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsi ilə yanaşı, İran prezidentinin səfərinin siyasi istiqaməti ikitərəfli münasibətlərin daha yüksək formatına keçidin möhkəmləndirilməsinə yönəlib. Paşinyan deyib ki, onları strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağın vaxtı çatıb. Lakin o, bunun konkret nə demək olduğunu açıqlamayıb. Sonradan məlum olub ki, İrəvan və Tehran artıq müvafiq sənəd üzərində işləyirlər. İranın xarici işlər naziri Abbas Əraqçi təfərrüatlara varmadan iki ölkə liderləri arasında danışıqları şərh edərkən deyib: “Razılıq əldə olunub ki, iki ölkə arasında strateji əməkdaşlığa dair hərtərəfli sənəd üzərində iş yaxın vaxtlarda başa çatdırılacaq”.
“İran Ermənistanla strateji əməkdaşlığa dair hərtərəfli sənəd üzərində işləməklə, orada təsirini saxlamaq istəyir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, İranın Ermənistanla strateji əməkdaşlıq sənədinin imzalanmasına xüsusi maraq göstərməsi təsadüfi deyil: “Sual olunur: niyə məhz indi? Ona görə ki, Tehran avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan dövlət başçıları arasında sülh sazişinin bəndlərinin paraflanması ilə bağlı razılaşmadan narahatdır. Əsasən də Zəngəzur dəhlizinin (Tramp yolu) ABŞ şirkətinin idarəçiliyinə verilməsindən məyusdur. İran bundan əvvəl Ermənistanın belə bir addım atacağını gözləmirdi. Birləşmiş Ştatlardansa, Rusiyanın yola nəzarət etməsi Tehran üçün daha məqbul variant kimi görünürdü. Ancaq proseslərin sürətli inkişafı, bununla bağlı bəzi siqnallar və ən nəhayət Vaşinqton razılaşması Tehran üçün gözlənilməz oldu. Bu səbəbdən İran tərəfi ən yüksək səviyyədə Ermənistandan bununla bağlı izahat verməsini tələb etdi. Ancaq hiss edilir ki, İrəvandan verilən açıqlamalar, izahat Tehranı tam qane etmir. İran Ermənistanla strateji əməkdaşlığa dair hərtərəfli sənəd üzərində işləməklə, orada təsirini saxlamaq istəyir. Ona görə məhz indi Tehran buna daha çox can ataraq bunu rəsmiləşdirməyə çalışır. Narahatdırlar ki, ABŞ-ın mövcudluğunun güclənməsi Tehranla əlaqələrin zəifləməsinə səbəb ola bilər. Bir vaxtlar dəhlizin onlar üçün “qırmızı xətt” olduğunu deyirdilər. İndi isə mövqelərini yumuşaldıb fərqli açıqlama verirlər. Bu onu göstərir ki, İran Zəngəzur dəhlizi ilə bağlı mövcud yeni reallıqları qəbul etməyə məhkumdur”.
Vidadi ORDAHALLI