“Washington Post” yazır ki, Putinin Zelenski ilə görüşə hazır olması ehtimalı azdır. Qəzetə danışan yüksək rütbəli rus diplomatlarına yaxın olan rusiyalı tədqiqatçının fikrincə, Putin belə bir görüşə qatılmayacaq, çünki bu, “Moskva tərəfindən Ukraynadakı siyasi hakimiyyətin legitimləşdirilməsi” demək olacaq və problemlər yaradacaq.
Qəzetin yazdığına görə, Moskvanın mövqeyi ondan ibarətdir ki, iki lider yalnız razılaşdırılmış çərçivə əldə edildikdən sonra görüşəcək.
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen də hesab edir ki, Putin Zelenski ilə görüşdən qaçacaq. O, bildirib ki, Trampın açıqlamalarına baxmayaraq, Zelenski ilə Putin arasında görüşün baş tutma ehtimalı azdır və bu, Putinin istəksizliyi ilə bağlıdır.
Rasmussen iddia edib ki, Rusiya lideri vaxtı uzadır və əslində münaqişəyə son qoymaq istəmir. “Putin sülhdə maraqlı deyil, ona görə də o, Trampı ilk addım kimi atəşkəsdən imtina etməyə və birbaşa danışıqlar prosesinə başlamağa inandırıb” – deyə keçmiş baş katib bildirib.
Ekspertlərin fikrincə, Zelenski ilə görüşdən imtina üçün zəmində yaradılır. Belə ki, Putin bilə-bilə ki, Zelenski bundan imtina edəcək, görüş üçün Moskvanı təklif edib. Gözlənildiyi kimi Zelenski də Moskvada görüşməyi qəti şəkildə rədd etdi və görüş yeri üçün üç ölkəni adını açıqladı - İsveçrə, Avstriya və Türkiyə…
Ekspertlər hesab edir ki, Putin Zelenskinin Moskvaya getməsindən imtinasını bəhanə edib görüşdən imtina edə bilər.
TAHİR