Rusiya prezidenti Putinin nümayəndə heyətinin Alyaskaya səfəri zamanı ABŞ sanksiyaları səbəbindən təyyarə yanacağı üçün nağd pul ödəməyə məcbur olduğu üzə çıxıb.
ABŞ-ın NBC telekanalının məlumatına görə, bir uzaqmənzilli təyyarənin yanacağının qiyməti təxminən 85 min dollardır. Bildirilir ki, Putin Alyaskaya üç təyyarədən ibarət donanma ilə uçub və ruslar üç təyyarəyə yanacaq üçün yüz minlərlə dollar xərcləmək məcburiyyətində qalıblar.
Hadisə ilə bağlı ilk dəfə açıqlqma verən ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya nümayəndə heyəti Alyaskada təyyarələrinə yanacaq doldurmaq üçün ödənişi nağd şəkildə etməli olublar: "Sanksiyalar səbəbi ilə bank sistemimizdən istifadə edə bilmirlər. Hər gün bunun nəticələri ilə üzləşirlər".
Bundan başqa, Putinin səfəri zamanı Rusiya nümayəndə heyətinin üzvləri və onları müşayiət edən rusiyalı jurnalistlər ABŞ-da yerli mobil telefon şəbəkələrindən və bank kartlarından da istifadə edə bilməyiblər.
Bu arada ABŞ səlahiyyətliləri avqustun 15-də ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Putin arasında Alyaskanın Ankoric şəhərində keçirilən zirvə görüşünü asanlaşdırmaq üçün görüşdən əvvəl sanksiyaya məruz qalan Rusiya rəsmilərinin avqustun 20-dək səyahət məhdudiyyətlərini müvəqqəti olaraq dayandırıblar.
TAHİR