Arzuxan Əlizadə: “Hesab edirəm ki, Davudoğlu və onun kimi düşünənlər yanılır”
Türkiyənin keçmiş xarici işlər naziri, hazırda hakimiyyətə müxalif mövqedə dayanan Əhməd Davudoğlu yerli televiziya kanallarından birinə verdiyi müsahibədə deyib ki, əgər Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ankara Ermənistanla sərhədin açılmasına və bu ölkə ilə diplomatik münasibətlərin qurulmasına razılıq versəydi, Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda deyil, Ankarada görüşəcək və dəhlizin adı “Tramp” deyil, misal üçün, “Ərdoğan yolu” adlandırılacaqdı.
Diplomatik təcrübəsi olan Davudoğlu bu qədərmi sadəlövhdür, yoxsa erməniləri yaxından tanımır? Ermənistan ümumiyyətlə buna gedərmi? Doğrudanmı Ərdoğan sözügedən üçtərəfli görüşə ev sahibliyi edə bilərdi, yoxsa bilməzdi? Bunun müqabilində Türkiyə Ermənistanla sərhədi aça bilərdimi? Bu dəhlizin “Ərdoğan dəhlizi” perspektivi var idimi?
“Türkiyə Ermənistanla sərhədləri açıb bu ölkə ilə diplomatik əlaqələri bərpa etsəydi belə, İrəvan buna getməzdi”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, sözügedən məsələdə Davudoğlunun arqumentləri əsaslı deyil: “Ümumiyyətlə, Ermənistanın buna razılaşacağını təsəvvür belə etmək mümkün deyil. Azərbaycan öz gücü, qəhrəman əsgərlərimizin canı, qanı bahasına ərazilərimizi işğaldan azad edərək yeni reallıqlar yaradıb. Ondan sonra Ermənistan Azərbaycanın şərtlərini mərhələli şəkildə qəbul etməyə başlayıb. Çünki onların başqa seçimi yoxdur. Bütün bunlara baxmayaraq, revanşist qanad, kilsə Paşinyan hakimiyyətini türklərin maraqlarına işləməkdə ittiham edir. Əsrlərdir xəstə erməni cəmiyyətində türkə nifrət formalaşıb. Türkiyəni qondarma “erməni soyqırımı”nda ittiham edirlər. Türkiyənin bir sıra şərq vilayətlərinə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Ona görə də Türkiyə Ermənistanla sərhədləri açıb bu ölkə ilə diplomatik əlaqələri bərpa etsəydi belə, İrəvan buna getməzdi. Yəni Ərdoğanın vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsinə əsla razılıq verməzdi. Paşinyan nə qədər qonşularla münasibətlərin normallaşması məsələsində mötədil siyasət yeritsə də, buna getməzdi. Onsuz da normallaşma prosesi ilə bağlı Ermənistanda Rusiyapərəst qüvvələr ona güclü təzyiq göstərirlər. Üstəlik, ölkədə keçirilən sorğulara əsasən Paşinyanın cəmiyyətdə reytinqi aşağı düşüb. Belə olan halda Ermənistan Zəngəzur dəhlizini “Ərdoğan yolu” adlandırarmı? Əsla bu real görünmür. Ona görə də məsələni bu qədər bəsitləşdirmək siyasətçiyə yaraşmaz və ona hörmət gətirməz. 2009-cu ilin oktyabrın da Davudoğlunun iştirakı ilə Ermənistanın xeyrinə Sürix protokolları imzalandı. Çox keçmədi ki, 2010-cu ilin yanvarında Ermənistandakı Sarkisyan hakimiyyəti onu gündəmdən çıxartdı. Bu baxımdan hesab edirəm ki, Davudoğlu və Türkiyədə onun kimi düşünənlər yanılır”.
Vidadi ORDAHALLI