Finlandiyanın “İltalehti” qəzeti xarici və təhlükəsizlik siyasətindəki mənbələrə istinadən yazıb ki, “Könüllülər Koalisiyası”na başçılıq edən Avropa ölkələri Ukraynaya qoşun yeritməyə hazırlaşır. Qeyd edilir ki, Rusiya-Ukrayna müharibəsində atəşkəs əldə ediləcəyi təqdirdə, bəzi Avropa ölkələri Ukraynaya 50 min əsgər göndərmək niyyətindədir.
Qəzet yazır ki, qoşunların yeridilməsi atəşkəs olacağı təqdirdə Kiyevi etibarlı təhlükəsizlik çətiri ilə təmin etmək məqsədi daşıyır. Digər tərəfdən bunun Rusiyanın potensial hücumunun qarşısını almaq məqsədi daşıdığını bildirilir.
Avropanın Ukraynaya əsgər göndərmək niyyətini ABŞ prezidenti Tramp da təsdiqləyib.
Ukraynada xarici hərbi qüvvələrin mövcudluğu ilə bağlı müzakirələrə toxunan Tramp deyib ki, Fransa, Almaniya və Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanəti olaraq quru qoşunlarının yerləşdirilməsini istəyir. ABŞ Ukraynaya qoşun yeritməkdə, o cümlədən havadan dəstək verməkdə Avropaya kömək edə biləcəyini deyən Tramp açıq şəkildə bildirib ki, o, ABŞ qoşunlarını Ukraynaya göndərməyəcək.
Ukraynanın NATO-ya üzvlüyünü istisna edən Tramp, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın qaytarılmasının müzakirə mövzusu olmadığını da vurğulayıb.
"Ukraynanın NATO-ya daxil olması istər Sovet İttifaqı, istərsə də Rusiya olsun, ruslar üçün həmişə qadağan edilib. Bu, Putindən çox əvvəl olub" - deyən Tramp bu açıqlamaları ilə Kiyevin alyansa üzvlüyü ilə bağlı qəti mövqe ortaya qoyub. O, Ukraynanın NATO-nun bir hissəsi olmayacağını deyib.
Ancaq Tramp bu şərtlərə baxmayaraq, yekun razılaşmada Kiyevin “daha çox ərazini geri alacağını” bildirib.
TAHİR